MƏDƏNİYYƏT


Bakıda “Şanlıurfa və Battalqazidən Qarabağa könül körpüsü” adlı tədbir keçirilib

Bakı, 2 avqust, Zərəngiz Mansurova, AZƏRTAC

Bakı Yunus Əmrə İnstitutu və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Şanlıurfa və Battalqazidən Qarabağa könül körpüsü” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizdəki diplomatik korpusun təmsilçiləri, Milli Məclisin deputatları, media nümayəndələri və Türkiyədən gəlmiş görkəmli şəxslər iştirak ediblər.

Əvvəlcə Türkiyə-Azərbaycan dostluğunu əks etdirən film nümayiş olunub.

Tədbirdə çıxış edən Türkiyənin Şanlı Urfa Böyük Şəhər Bələdiyyəsinin başçısı Nihat Çiftçi bildirib ki, türk milləti Vətəni üçün canından keçməkdən heç vaxt çəkinmir və həmişə Azərbaycanlı qardaşlarını yanında görməkdən fərəh hissi keçirir. Natiq Türkiyə-Azərbaycan əlaqələrindən, ölkələrimizin birgə həyata keçirdiyi layihələrdən söz açıb. Qardaş ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini bildirərək ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını xatırladıb və bu qardaşlığın sonsuza qədər davam edəcəyini vurğulayıb.

Tədbirdə Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva bu görüşü qardaşlığın və doğmalığın təntənəsi adlandırıb.

Natiq ölkələrimiz arasında dostluq və qardaşlığın daha da möhkəmlənməsi və hər hansı bir təhlükəyə qarşı fəaliyyətin gücləndirilməsinin vacibliyindən söhbət açıb: “Azərbaycan və Türkiyə qardaşlığı atılan hər addımda, ərsəyə gələn bütün işlərdə özünü göstərməlidir. Hər bir türk övladı həm də Qarabağlıdır. Siz nə qədər Qarabağlı olursanız səsimizi dünyaya o qədər çox çatdıra bilərik. Axı o torpaqlarda günahsızca qətl edilən insanlar bizim qardaş, bacılarımızdı. Bizim doğma torpaqlarımız bu gün Ermənistan tərəfindən işğal olunub və bu, bizim hamımız üçün çox ağırdır. Birlikdə bu işğalların bitməsi üçün daha da çox çalışmalıyıq. Birliyimizi daha da gücləndirməliyik”.

Tədbirdə Malatyanın Battalqazi Bələdiyyəsinin başçısı Səlahəddin Gürkan, Bakıda Yunus Əmrə İnstitutunun mədəniyyət işləri üzrə koordinatoru Nuranə Tağıyeva və başqaları bu qardaşlığın ədəbiyyatımızda, mədəniyyətimizdə, mənəviyyatımızda, bütünlükdə həyatımızda geniş əksini tapdığını bildiriblər.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.