SİYASƏT


Bakıda Şərqi Avropada və Mərkəzi Asiyada həmkarlar ittifaqlarının maarifləndirilməsi ilə bağlı konfrans keçirilib

Bakı, 28 noyabr, AZƏRTAC

Noyabrın 28-də Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT), Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi ilə “Şərqi Avropada və Mərkəzi Asiyada həmkarlar ittifaqlarının maarifləndirilməsi: çıxarılan nəticələr və inkişaf yolları” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə AHİK sədrinin müavini Aqil Dadaşov açıb.

Konfransda çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev həmkarlar ittifaqlarının son dövrlər ənənəvi olmayan problemlərlə daha tez-tez qarşılaşdığını deyib. O bildirib ki, bu, həmkarlar ittifaqı işçisindən təşkilati-idarəçilik qabiliyyətini daha da təkmilləşdirməyi, sosial psixologiyanın, konfliktologiyanın, hüququn, politologiyanın, iqtisadiyyatın, maliyyə siyasətinin əsaslarını dərindən mənimsəməyi tələb edir. Digər tərəfdən beynəlxalq institutlar dünya ictimaiyyəti qarşısında mühüm vəzifələr qoyur. Gələcəkdə gözlənilən proseslərdən qorunmaq üçün atılacaq addımların bu gün müəyyənləşdirilməsi ən vacib məsələlərdəndir. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində, Layiqli Əməyin təmin edilməsi üzrə Dövlət proqramlarının yerinə yetirilməsində, BƏT-in 205-ci Tövsiyəsinin tətbiqində həmkarlar ittifaqlarına geniş önəm verilir. Sözsüz ki, bu vəzifələri həyata keçirmək üçün kadr hazırlığı məsələlərinə daha diqqətlə yanaşılmalıdır.

Səttar Möhbalıyev qeyd edib ki, həmkarlar ittifaqı liderləri və fəalları insanlarla ünsiyyət qurmaq üçün daim bacarıqlarını təkmilləşdirməli, ümumtəhsil və mədəni səviyyələrini yüksəltməlidirlər. Bu isə sosial texnologiyalara yiyələnmədən və müasir menecmentin üsul və metodlarını mənimsəmədən mümkün deyil. Müasir tədris və informasiya texnologiyalarından, aktiv tədris metodlarından istifadə, həmkarlar ittifaqı kadr və fəallarında daim yenilənmə motivasiyasının olması, fasiləsiz təhsil üçün şəraitin yaradılması, qabaqcıl dünya təcrübəsinin öyrənilib yayılması maarifləndirmə prosesində vacib olan elementlərdir. Ölkəmizdə bütün sahələrdə islahatların həyata keçirilməsi həmkarlar ittifaqlarında da vaxtaşırı islahatların aparılmasını gündəmə gətirib. Layiqli kadr ehtiyatları fondunun yaradılması və möhkəmləndirilməsi, seçkili həmkarlar ittifaqları orqanlarının tərkibinin gəncləşdirilməsi, orada qadınların sayının artırılması islahatların tərkib hissəsidir. Bu gün həmkarlar ittifaqı təşkilatlarının rəhbərlərinin qarşısına yeni tələblər qoyulur. Bu tələblərə isə peşəkar və məsuliyyətli həmkarlar ittifaqı liderləri və onların komandasının nüfuzu vasitəsilə cavab vermək mümkündür. Peşəkar kadrların hazırlanması, təcrübi biliklərə yiyələnmələri və onların bazar iqtisadiyyatına xas olan idarəetmə qabiliyyətlərinə malik olmaları üçün müvafiq işlərin həyata keçirilməsi lazımdır. Bu səbəbdən həmkarlar ittifaqı işçilərinin maarifləndirilməsi işinə xüsusi önəm verilir. Həmkarlar ittifaqlarında maarifləndirmə prosesi əsasən AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyası vasitəsilə həyata keçirilir. Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil edilən kurslar həmkarlar ittifaqının yeni seçilən seçkili orqanlarının rəhbərləri və üzvləri, fəalları, sahə həmkarlar ittifaqı aparatında çalışanlar və digər kateqoriyalara aid işçilər üçün nəzərdə tutulub. Hər il akademiyanın təşkil etdiyi kurslarda orta hesabla 800 nəfərə yaxın həmkarlar ittifaqı kadr və fəalları iştirak edirlər. Eyni zamanda, akademiyada hazırda 5 ixtisas üzrə 572 gənc təhsil alır. Ali təhsil müəssisəsini bitirən bu gənclər isə həmkarlar ittifaqı üçün potensial kadrlardır.

Sədr bildirib ki, AHİK 2009-cu ildən kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılması üzrə pilot layihə həyata keçirib. Pilot layihəyə uyğun olaraq respublikanın bütün regionlarında mövzu ilə bağlı seminarlar keçirməklə həmkarlar ittifaqı liderləri maarifləndirilib və onlara bu sahədəki vəzifələr izah olunub. Bu işin müsbət nəticəsi kimi özəl müəssisələrdə həmkarlar ittifaqlarının yaradılmasını və üzvlərinin sayının artmasını qeyd etmək olar. AHİK uzun müddət idi ki, cəmiyyətimizin inkişafının müasir mərhələsinin xüsusiyyətlərini nəzərə alaraq Üçtərəfli Komissiyanın yaradılması üçün təşəbbüs qaldırır, təkliflər irəli sürürdü. Nəhayət, BƏT-in bilavasitə dəstəyi ilə həyata keçirilən maarifləndirmə tədbirlərini və sosial tərəfdaşlarla görülən işləri əlaqələndirmək məqsədilə 2016-cı ilin sentyabrında Azərbaycanda Sosial-İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yaradıldı və bu gün uğurla fəaliyyət göstərir. Təbii ki, AHİK tərəfindən həmkarlar ittifaqında aparılan maarifləndirmə işləri yekunda qarşımıza qoyduğumuz əsas məqsədlərin – işçilərin sosial - əmək hüquqlarının qorunmasının, onların sağlamlığının və əməyinin mühafizəsinin həyata keçirilməsinə öz müsbət təsirini göstərməkdədir. Son beş ildə (2013-2018) 507 yeni həmkarlar ittifaqı təşkilatı yaradılıb, həmkarlar ittifaqı üzvlərinin sırasına 56 min 497 nəfər cəlb edilib. Bu gün həmkarlar ittifaqı təşkilatları olan müəssisələrdə işləyənlərin 95,5 faizi həmkarlar ittifaqı üzvləridir. AHİK və üzv təşkilatlar tərəfindən görülən işlər nəticəsində daxil olan ərizə və şikayətlərin 95,2 faizi müsbət həll edilib. Əmək hüquqlarının pozulması ilə əlaqədar son 5 ildə üzvlərin müraciətləri əsasında 97 dəfə məhkəməyə müraciət olunub. Bu müddətdə 983 nəfər öz işinə bərpa edilib. Maarifləndirilmə işləri həmkarlar ittifaqı təşkilatlarının sədrlərinin, onların ehtiyat qüvvələrinin, həmkarlar ittifaqı komitəsinin üzvlərinin, daimi komissiyalarının, fəallarının bilik və bacarıqlarının formalaşdırılmasına yönəldilməlidir. Yeni informasiya texnologiyalarının, sosial şəbəkələrin də imkanlarından lazımınca istifadə edilməlidir.

Konfransda daha sonra Beynəlxalq Əmək Təşkilatının nümayəndəsi Evelin Toc, Pan Avropa Regional Şurasının nümayəndəsi Anton Leppik və digərləri çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, Şərqi Avropada və Mərkəzi Asiyada həmkarlar ittifaqı fəallarının maarifləndirilməsi və inkişaf yolları genişləndirilməli, burada maraqlı tərəflərin fəaliyyətləri dəstəklənməlidir.

Konfrans öz işini üç gün davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.