CƏMİYYƏT


Bakıda Silahlı Qüvvələr Gününə həsr olunmuş “İstiqlal keşikçiləri” adlı konfrans keçirilib

Bakı, 25 iyun, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə iyunun 25-də Silahlı Qüvvələri Gününə həsr olunmuş “İstiqlal keşikçiləri” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Silahlı Qüvvələrimizin yaranma tarixi və inkişaf yolundan danışıb. Bildirib ki, müasir Azərbaycan dövlətinin ordu quruculuğu ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev yeni dövlət quruculuğu prosesində güclü ordunun formalaşmasını əhəmiyyətli amil kimi ortaya qoydu. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Son 15 ildə Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğunun nəticəsidir ki, bu gün ölkəmiz regionda ən güclü orduya malik olan dövlətə çevrilib.

Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğunun da müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biri olduğunu deyən Milli Məclisin deputatı Kamilə Əliyeva qeyd edib ki, son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Azərbaycan ordusu 2016-cı ilin aprel ayında nəyə qadir olduğunu əyani şəkildə göstərərək erməni işğalı altında olan strateji əhəmiyyətli yüksəklikləri azad edib. Bununla da Azərbaycan əsgəri təcavüzkara öz gücünü göstərib. Ölkəmizdə ordumuzun döyüş qabiliyyətinin və maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır.

Daha sonra çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, “SƏS” Media qrupunun rəhbəri Bəhruz Quliyev Azərbaycan Silahlı Qüvvələrinin tarixindən bəhs edib. Qeyd edilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkədə sistemli ordu quruculuğuna start verildi. Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqazda ən güclü və yüksək döyüş hazırlığı olan orduya malikdir. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan dövlətinin qüdrətinin əsas tərkib hissəsinə çevrilib. Ordusunu müasir hərbi texnika ilə təmin edən Azərbaycan dövləti, eyni zamanda, güclü hərbi sənaye quruculuğuna da nail olub.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Silahlı Qüvvələrimizin tarixi, onun keçdiyi şanlı yol və hazırkı inkişafı barədə danışıb. Qeyd edilib ki, 2016-cı ilin Aprel döyüşləri zamanı düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Silahlı Qüvvələri əhalinin təhlükəsizliyini təmin etməyə və ölkənin ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirib. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürüldü. Vüqar Rəhimzadə qeyd edib ki, ciddi nizam-intizama malik, mənəvi-psixoloji cəhətdən yüksək əhval-ruhiyyədə olan Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə mühüm strateji yüksəklikləri düşməndən azad edərək öz yüksək peşəkarlıq, hərbi qüdrət və döyüş əzmini sübuta yetirib.

Digər çıxış edənlər də Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan, Silahlı Qüvvələrimiz maddi texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlərdən ətraflı bəhs ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.