MƏDƏNİYYƏT


Bakıda “Simurq” uşaq musiqi festivalı keçirilir

Bakı, 3 oktyabr, AZƏRTAC

Bakı Media Mərkəzinin dəstəyi ilə paytaxtda “Simurq” uşaq musiqi festivalı keçirilir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, festivalın başlıca məqsədi Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çıxarmaq və dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətməkdir.

Layihənin müəllifi və rəhbəri tanınmış pianoçu, nüfuzlu beynəlxalq müsabiqələrin laureatı Səidə Tağızadədir.

Gələcəkdə festivalın bütün musiqi alətlərini əhatə etməsi nəzərdə tutulur. Hələlik isə layihədə yalnız 7-18 yaş arası pianoçular iştirak edir.

Festivalın hazırkı mərhələsində 10 nəfər iştirakçı seçilib. Layihə çərçivəsində iştirakçılar Azərbaycan, Rusiya və başqa ölkələrdən olan tanınmış pedaqoqların, musiqiçilərin ustad dərslərində iştirak edəcək. Bundan başqa, gənc ifaçılara səhnədə düzgün və peşəkar davranışa dair təlimlər keçiriləcək.

Qeyd edək ki, gənc istedadlar artıq P.İ. Çaykovski adına Moskva Konservatoriyası nəzdində olan Mərkəzi Musiqi Məktəbinin xüsusi fortepiano şöbəsinin müdiri Mira Marçenkonun ustad dərslərində iştirak edib və onun verdiyi tapşırıqları yerinə yetiriblər.

Oktyabrın 19-da isə “Simurq” musiqi festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində məşhur rusiyalı pianoçu Daniil Sayamovun solo konserti keçiriləcək. Digər tanınmış pedaqoq və musiqiçilərin də festival iştirakçıları üçün ustad dərsləri mərhələli şəkildə təşkil olunacaq.

Layihə haqqında daha ətraflı məlumatı festivalın www.simurqfestival.com rəsmi internet saytından, “Facebook”, “Instagram” və “Youtube” sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.