ELM VƏ TƏHSİL
Bakıda “Start and Up” forumu təşkil olunub
Bakı, 17 fevral, AZƏRTAC
Fevralın 17-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Təhsil Nazirliyinin “SABAH” qruplarının və “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramının birgə təşkilatçılığı ilə “Start and Up” mövzusunda forum keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri, “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramının rəhbəri Ələkbər Mustafayev forumun məqsədi və əhəmiyyətindən danışıb.
Eyni zamanda, “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı barədə məlumat verilib. Qeyd edilib ki, bu proqram 2013-cü ildə fəaliyyətə başlayıb və 2015-ci ildə “Youth Inc.” Biznes İnkubator Mərkəzi yaradılıb. “Youth Inc.”in ötən illər ərzində müvafiq biznes-layihələri həyata keçirilib.
Forumda dünyanın texnologiya mərkəzi kimi tanınan, ABŞ-ın Silikon Vadisindən olan mütəxəssislər Brock Hinzman və Eileen McGinnis “Texnoloji startaplar” mövzusunda təcrübələrini bölüşüblər.
Sonra “Biznesinə sıfırdan başla” mövzusunda panel müzakirələri aparılıb. Bu müzakirələr orta və kiçik sahibkarlığın biznesə sıfırdan başlaması istiqamətlərini müəyyənləşdirmək məqsədi daşıyıb.
Tədbirdə “SABAH” qruplarının “TechSOS” komandasının təqdimatları da maraq doğurub.
Forumun tərəfdaşları Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Futuroloqlar Cəmiyyətidir.
Qeyd edək ki, Silikon Vadisi inkişafda olan tendensiyalar və qabaqcıl texnologiya sahəsində biznes-təhsil proqramları və texnoloji innovasiya mövzularında qlobal konfranslar keçirir. Silikon Vadisi, həmçinin nəhəng texnologiya korporasiyaları ilə yanaşı, yüzlərlə startap şirkətlərə də ev sahibliyi edir.