İQTİSADİYYAT
Bakıda “Startap yarat” təlimi təşkil olunacaq
Bakı, 28 aprel, AZƏRTAC
Startapçıların maarifləndirilməsi, onların inkişafı və ölkəmizin hər bir regionunda yeni startapların yaranması məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən startaplar üçün təlimlərə start verilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlimlər mayın 2-3-də Bakıda Elektron Hökumət Təlim-Tədris Mərkəzinin təşkilatçılığı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə təşkil ediləcək.
Elektron Hökumət Təlim-Tədris Mərkəzinin regional mərkəzləri vasitəsilə Naxçıvan, Gəncə, Mingəçevir, Lənkəran və Sumqayıtda fəaliyyət göstərən startapçılar və bu sahəyə marağı olan şəxslər telekonfrans vasitəsilə təlimlərdə iştirak etmək imkanı qazanacaqlar.
Təlimin əsas məqsədi yeni startapların yaradılmasını təşviq etmək və bu sahədə lazımi biliklərin öyrədilməsidir. Eyni zamanda, iştirakçılara startaplar üçün keçirilən müsabiqələrdə iştirak etmək imkanları, müsabiqələrdə layihələrin təqdim edilməsi yolları, “pitching” və layihələrin videotəqdimatlarının hazırlanması kimi bacarıqlar təqdim ediləcək.
Təlimlərdə uğurlu sahibkarlar, şirkət rəhbərləri, investorlar və beynəlxalq müsabiqələrdə iştirak təcrübəsi olan startapçılar maraqlı mövzular üzrə təqdimatlarla çıxış edəcəklər. İştirakçılar və mövzular barədə təlimin proqramından ətraflı məlumatı əldə etmək mümkündür.
"Startap yarat” təlimlərində iştirak etmək istəyənlər Bakı şəhəri üzrə https://goo.gl/EKicOV, regionlar üzrə https://goo.gl/s3B2eo linkləri vasitəsilə qeydiyyatdan keçə bilərlər.