SİYASƏT
Bakıda Tacikistanın milli bayramı qeyd edilib
Bakı, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 9-da Tacikistanın Azərbaycandakı səfirliyi bu ölkənin milli bayramı – dövlət müstəqilliyi münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir Zohir Saidov Tacikistanın müstəqillik dövründə keçdiyi inkişaf yolundan danışıb. O, müstəqilliyin ən böyük nailiyyəti olan sülhün, suverenliyin və milli birliyin təmin olunmasında tacik xalqının müdrikliyinin və Prezident Emoməli Rəhmonun rolunu xüsusi qeyd edib.
Diplomat Azərbaycan ilə Tacikistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib, əlaqələrin qurulmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini vurğulayıb. O, həmçinin münasibətlərin daha da inkişafında prezidentlər Emoməli Rəhmonun və İlham Əliyevin mühüm rollarının olduğunu diqqətə çatdırıb.
Rəsmi qəbulda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan hökuməti adından Tacikistan xalqını təbrik edib, sülh və əmin–amanlıq arzularını çatdırıb. Nazir ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla inkişaf etdiyini, münasibətlərimizin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslandığını diqqətə çatdırıb. O, uğurlu əməkdaşlığın əsasında dövlətlərimizin başçılarının şəxsi dostluq münasibətlərinin, eləcə də ölkələrimizin rəsmilərinin mütəmadi qarşılıqlı səfərlərinin dayandığını söyləyib. Bildirilib ki, həyata keçirilən səfərlər çərçivəsində aparılmış danışıqlar və imzalanmış sazişlər ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verir. Nazir Azərbaycan-Tacikistan əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.