MƏDƏNİYYƏT
Bakıda “Tanpınar günü” adlı tədbir keçirilib
Bakı, 22 oktyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Oktyabrın 22-də Bakıdakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə paytaxtın “Akademkitab” kitab evində Türkiyənin tanınmış yazıçısı Əhməd Həmdi Tanpınara həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Tanpınar günü” adı altında təşkil olunan tədbirdə tanınmış ziyalılar, kitab həvəskarları, gənclər iştirak ediblər.
Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım XX əsrin böyük realist və modern türk yazıçısı, şairi Əhməd Həmdi Tanpınarın yaradıcılığından söhbət açıb.
Bildirib ki, Türkiyə Cümhuriyyətinin qurtuluş illərində Osmanlı mədəni mirası və müasir Qərb mədəniyyətinin sivil ehkamlarından bəhrələnən yazıçı ədəbiyyatın bütün janrlarında yazıb-yaradıb. Dövrünün tanınmış ziyalılarından olan Ə.H.Tanpınarın əsərləri 36 dilə tərcümə edilib. Vətənində sevilə- sevilə təbliğ olunub. O dövr üçün məsuliyyətli məsələ olan parlamentdə yer alıb. Uzun illər xalqın rifahı üçün çalışıb.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rza, Bədii Tərcümə Mərkəzinin direktoru Səlim Babullaoğlu və başqaları Yunus Əmrə İnstitutu tərəfindən elan olunmuş “Tanpınarı kəşf edirəm” esse müsabiqəsinin əhəmiyyətindən danışıblar.
Tədbirdə Tanpınar sevənlərlə ədəbi söhbət və fikir mübadiləsi, həmçinin onun yaradıcılığının bəzi məqamları haqqında diskussiya aparılıb.
Sonda Tanpınarın Azərbaycan dilinə tərcümə olunmuş kitabları iştirakçılara paylanılıb.