CƏMİYYƏT
Bakıda “Təlimçilər üçün təlim” kursuna start verilib
Bakı, 16 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun (AGF) maliyyə dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) tərəfdaşlığı ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) həyata keçirdiyi “Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması” adlı maarifləndirici layihə çərçivəsində növbəti təlim kursuna start verilib.
AZƏRTAC xəbər verir ki, 4 regionda - Biləsuvar, Sabirabad, Qazax və Şəmkirdə keçirilmiş dövlət qulluğu üzrə təlim – informasiya sessiyasından xüsusi qiymətləndirmə və kriteriyalara uyğun seçilmiş ən bacarıqlı və bilikli 20 fəal gənc liderin iştirakı ilə Bakı şəhərində “Təlimçilər üçün təlim” (TOT) kursu öz işinə başlayıb.
Avqustun 23-dək davam edəcək TOT kursunun sonunda iştirakçılar sınaq imtahanı verəcək, xüsusi qiymətləndirmə və anket sorğuları dolduracaq və yekunda yerli statuslu təlimçi-ekspert sertifikatına yiyələnməklə, gələcəkdə regionlarda həmkarlarına bu mövzuda təlim aparmaq imkanı qazanacaqlar.