MƏDƏNİYYƏT


Bakıda Toğrul Nərimanbəyovun xatirəsi anılıb

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan Milli İncəsənət Muzeyində Xalq Rəssamı Toğrul Nərimanbəyovun xatirəsinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri Bakı Musiqi Akademiyasının müəllimləri Adil Axundov və Dilarə Kərimova açaraq vaxtilə Toğrul Nərimanbəyovun sevdiyi mahnıları ifa ediblər.

Milli İncəsənət Muzeyinin və Mədəniyyət Nazirliyinin birgə təşkil etdikləri tədbirdə Toğrul Nərimanbəyovun Azərbaycan incəsənətinə verdiyi töhfələrdən danışılıb.

Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, Xalq Rəssamı Arif Hüseynov tanınmış rəssam barədə xatirələrini bölüşüblər. T.Nərimanbəyovun istedadlı, hərtərəfli qabiliyyətə malik insan olduğu, onun həm Azərbaycan, həm də dünya bəstəkarlarının klassik mahnı və ariyalarını sevdiyi və bunları gözəl ifa etdiyi vurğulanıb. Çıxış edənlər onun dünya incəsənətinə verdiyi misilsiz töhfələri qeyd ediblər.

“Toğrul Nərimanbəyov Azərbaycan rəssamlıq məktəbinin tanınmış nümayəndələrindən biridir. O, çox maraqlı, dərin, hərtərəfli insan idi. Rəssamın yaradıcılıq irsi daim bizimlə olacaq, çünki Azərbaycan mədəniyyətini, incəsənətini, rəssamlıq məktəbini onsuz təsvir etmək qeyri-mümkündür”, - deyə A.Hüseynov bildirib.

Arif Hüseynovun sözlərinə görə, T.Nərimanbəyovun vokal sənətinə həvəsi onun əsərlərində özünü əks etdirirdi. “Onun əsərləri o dərəcədə romantik və ruhlandırıcı idi ki, sanki öz əsərlərini çəkmir, ifa edirdi”, - deyə Xalq Rəssamı bildirib.

Toğrul Nərimanbəyov 1930-cu il avqustun 7-də Bakıda doğulub. O, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, Litva Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Rəssamın romantik üslubda yaratdığı əsərləri özünün gərgin ritmi və təsiri ilə seçilir. Ustadın mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, özünəməxsus üslubu ilə fərqlənir.

Toğrul Nərimanbəyovun tanınmış ustad kimi yetişməsində Azərbaycan incəsənətinin zəngin ənənələri, qədim miniatür və xalçaçılıq nümunələri böyük rol oynayıb.

Rəssamın əsərləri sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində, o cümlədən Azərbaycan Milli İncəsənət Muzeyində və Azərbaycan Dövlət Rəsm Qalereyasında nümayiş etdirilir, şəxsi kolleksiyalarda saxlanılır.

Toğrul Nərimanbəyov 2013-cü il iyunun 2-də, 83 yaşında dünyasını dəyişib. Rəssam Parisin Passi mərkəzi qəbiristanlığında dəfn edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.