CƏMİYYƏT


Bakıda “Tolerantlıq örnəyi Azərbaycan” mövzusunda konfrans keçirilib

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Tolerantlıq örnəyi Azərbaycan” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı cəmiyyətimizdəki mövcud tolerantlıq ənənələrindən, onun qorunub saxlanılması istiqamətində görülən işlərdən ətraflı bəhs edib. O bildirib ki, bu gün Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinə söykənən ardıcıl, məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan digər sahələrdə olduğu kimi, dinə, vicdan azadlığına, tolerant və multikultural dəyərlərə münasibətdə nümunəvi ölkəyə çevrilib.

Tolerantlığın birgəyaşayışın qızıl qaydası olduğunu vurğulayan sədrin birinci müavini Azərbaycanda dini, milli ayrı-seçkiliyə, antisemitizm, ksenofobiya hallarına heç vaxt rast gəlinmədiyini vurğulayıb.

Səyyad Salahlı qeyd edib ki, dövlətimiz tərəfindən mütəmadi olaraq ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalara maddi və mənəvi dəstək göstərilir, müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi şərait yaradılır.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədlinin təqdimatı dinlənilib. “Anlayışın koqnitiv semantikası” adlı təqdimatda müxtəlif dillərdə tolerantlıq anlayışının mənası və mahiyyəti barədə ətraflı məlumat verilib.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasında Roma Katolik Kilsəsinin nümayəndəsi Vladimir Baksa, Prezident yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Dionisi Sveçnikov, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Abik Çaruxçev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov çıxışlarında tədbirin əhəmiyyətini vurğulayıblar. Onlar tolerantlığın gündəlik həyatımızda mühüm rolundan bəhs ediblər.

Konfransda çıxış edənlər, həmçinin Azərbaycanda dini müxtəlifliyin tolerant əsaslarının təhlili və qorunub saxlanılması, ölkəmizin nümunəvi dini tolerantlıq modeli, eyni zamanda, Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin dünyada təbliği barədə fikirlərini səsləndiriblər. Vurğulanıb ki, Azərbaycanda tək bir gün deyil, hər gün tolerantlıq günü kimi qeyd olunur. Dövlət başçısı İlham Əliyevin 2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etməsi dünyanın sabitliyi, təhlükəsizliyi və dünya müsəlmanlarının bir araya gələrək qanlı toqquşmalara son qoymaları kimi yüksək amallara xidmət edir. Azərbaycanda tarixən müxtəlif dinin nümayəndələri birgə sülh və mehribanlıq şəraitində yaşayıblar. Tolerantlıq Azərbaycanda həyat tərzidir. Diqqətə çatdırılıb ki, ölkəmizdə bütün dini konfessiyalar, icmalar və müxtəlif xalqların nümayəndələri üçün hər cür şərait yaradılıb, onların bərabər hüquqları təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.