MƏDƏNİYYƏT
Bakıda Türk Yeməkləri Festivalı davam edir
Bakı, 14 iyun, AZƏRTAC
Türkiyənin Azərbaycandakı səfirliyi və “Türk Hava Yolları”nın dəstəyi ilə “Fairmont Baku” otelində yerləşən “Alov” restoranında Türk Yeməkləri Festivalı keçirilir.
Türkiyə səfirliyinin mədəniyyət və təbliğat müşavirliyindən AZƏRTAC-a verilən məlumata görə, “Fairmont Quasar İstanbul” otelində yerləşən “Aila” restoranının aşpazları bir həftə ərzində festivalın xüsusi qonaqlarına Anadolu yeməklərini həqiqi İstanbul ləzzəti və Osmanlı kulinariya mədəniyyətinin vəhdətində təqdim edirlər.
İyunun 13-də festivalın qonaqları media nümayəndələri olub.
Qonaqları salamlayan Türkiyə səfirliyinin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi qeyd edib ki, tədbir Türkiyə turizminin yeni təbliğat meyarlarına uyğun olaraq keçirilir. Məqsəd türk kulinariya mədəniyyəti, Osmanlı mətbəxini Azərbaycanda daha yüksək səviyyədə tanıtmaqdır.
Festival çərçivəsində Türkiyə mətbəxinə həsr olunmuş sərgi keçirilir. Qonaqlar müxtəlif ləziz təamların hazırlanması qaydaları ilə tanış olmaq imkanı əldə edirlər.
Qeyd edək ki, türkiyəli aşpazlar məharətlərini festivalın son günündə - iyunun 16-da baş tutacaq eksklüziv İstanbul brançında ən yüksək səviyyədə çatdıracaqlar.