ELM VƏ TƏHSİL
Bakıda “Türkdilli ölkələrdə təhsil və sosial elmlər” mövzusunda dördüncü beynəlxalq simpozium keçirilir
Bakı, 28 iyun, AZƏRTAC
İyunun 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU), Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun 100 illik yubileylərinə həsr edilmiş “Türkdilli ölkələrdə təhsil və sosial elmlər” mövzusunda dördüncü beynəlxalq simpozium işə başlayıb.
AZƏRTAC xəbər verir ki, beynəlxalq simpoziumda Azərbaycanın və Türkiyənin aparıcı universitetlərinin alim və mütəxəssisləri, Türkiyə Respublikası Baş Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Beynəlxalq Mədəniyyət və Dil Araşdırmaları Mərkəzinin, Türk Dünyası Təhsilçiləri Birliyinin, Yunis Əmrə İnstitutunun, elmi müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini və Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını əks etdirən fotosərgi, eləcə də universitetdə fəaliyyət göstərən TÜRKSOY kafedrası, Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Məktəbinin lektoriyası ilə tanış olublar.
Simpozium Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov mövzunun aktuallığını vurğulayıb. Beynəlxalq simpoziumun yüksək səviyyədə keçirilməsi məqsədilə təşkilat komitəsinin yaradıldığını deyən rektor bildirib ki, bu simpozium fikir və təcrübə mübadiləsi, əlaqələrin genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan ilə Türkiyə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini söyləyən C.Cəfərov bildirib ki, elm, təhsil, mədəniyyət sahəsində keçirilən birgə tədbirlər dostluğumuzun, həmrəyliyimizin, qardaşlığımızın daha da güclənməsinə xidmət edir.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini xatırladıb. Akademik bildirib ki, simpozium həmrəyliyimizin, birliyimizin, qardaşlığımızın əyani ifadəsidir. Bu simpozium türk dünyasının inteqrasiya prosesini əks etdirir.
Yunis Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin direktoru Cihan Özdəmir, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov və digər çıxış edənlər simpoziumun Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun 100 illik yubileylərinə həsr edilməsindən məmnunluq duyduqlarını bildiriblər.
Plenar iclasda türk dünyasına xidmətə görə fərqlənən ziyalılara mükafatlar təqdim olunub.
Sonra beynəlxalq simpozium işini “Qafqaz İslam Ordusu” və “Türk dünyasının gələcəyi” bölmələrində davam etdirib. İclaslarda Azərbaycanın dövlətçilik tarixinin inkişaf mərhələləri, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyimiz tarixində tutduğu şərəfli yer və Qafqaz İslam Ordusunun xilaskarlıq fəaliyyəti, türkdilli ölkələrdə təhsil və sosial elmlərin inkişafı, bu sahədə qarşıda duran əsas vəzifələr, inkişaf perspektivləri, təhsil proqramlarının yenilənməsi, müəllim hazırlığı, xaricdə təhsil, multikultural cəmiyyət, multikulturalizmin Azərbaycan modeli, türksoylu xalqların mədəni inteqrasiyası, Türkiyə-Azərbaycan münasibətləri və digər mövzularda təqdimatlar olub.
Beynəlxalq simpozium iyunun 29-da başa çatacaq.