ELM VƏ TƏHSİL
Bakıda “Türkiyə günləri həftəsi” başlanıb VİDEO
Bakı, 16 aprel, AZƏRTAC
Aprelin 16-da Bakıda “Türkiyə günləri həftəsi” başlanıb.
AZƏRTAC xəbər verir ki, tədbir Bakı Yunus Əmrə İnstitutu və Bakı Avrasiya Universitetinin (BAU) birgə təşkilatçılığı ilə keçirilir.
Açılış mərasimində çıxış edən BAU-nun prorektoru Səyavuş Qasımov aprelin 20-dək davam edəcək həftə çərçivəsində nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
Qeyd olunub ki, “Türkiyə günləri həftəsi”ndə Türkiyənin mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, mətbəxinin, görkəmli şəxsiyyətlərinin tanıdılması istiqamətində müxtəlif tədbirlər keçiriləcək. Həftə çərçivəsində milli rəqslər, bəstəkar və xalq mahnıları, şeirlər ifa ediləcək, Rəşad Nuri Güntəkinin “Bir yudum su” hekayəsi əsasında tamaşa göstəriləcək. Prorektor bildirib ki, “Türkiyə günləri həftəsi”nin keçirilməsi hər iki ölkənin elmi-mədəni əlaqələrinin inkişafına xidmət edir.
Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir Azərbaycan-Türkiyə ədəbi əlaqələrindən danışıb. O, deyib ki, ümummilli liderin ifadə etdiyi "iki dövlət, bir millət" prinsipinə sadiq qalaraq Azərbaycan-Türkiyə əlaqələrinin dinamik inkişafı hər iki millətin rifahına, iqtisadi, siyasi və mədəni sahədə qarşılıqlı maraqlarının təminatına xidmət etməkdədir. O, ikitərəfli münasibətlərin uğurla inkişafında gənclərin rolunu vurğulayıb. Bakı Yunus Əmrə İnstitutu ilə BAU arasında birgə elmi əlaqələrdən danışan C.Özdəmir bu istiqamətdə gələcək perspektivləri yüksək dəyərləndirib.
Tədbir musiqi proqramı ilə davam edib.