SİYASƏT
Bakıda Türkiyənin Zəfər bayramı qeyd edilib
Bakı, 30 avqust, AZƏRTAC
Avqustun 30-da Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkənin Zəfər bayramı münasibətilə qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, qəbul Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Prezident Rəcəb Tayyib Ərdoğanın 30 avqust - Zəfər bayramı münasibətilə təbrik məktubunu oxuyub.
Səfir türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazandığını bildirib. Qeyd edilib ki, bu böyük zəfər türk millətinin sarsılmazlığının və möhkəm iradəsinin nümunəsidir. Bütün bunların nəticəsi olaraq bugünkü Türkiyə dövləti meydana gəlib. Ötən illər ərzində Türkiyənin bir çox sınaqlardan keçdiyini deyən səfir qardaş ölkənin hər cür çətinliklərin öhdəsindən gələ biləcək gücə malik olduğunu vurğulayıb.