Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda Ukraynanın nüfuzlu “LİÇNOSTİ” (“ŞƏXSİYYƏTLƏR”) jurnalının Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilmişdir

Bakı, 27 dekabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, dekabrın 26-da Bakıda Ukraynanın nüfuzlu “LİÇNOSTİ” (“ŞƏXSİYYƏTLƏR”) jurnalının Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş xüsusi buraxılışının təqdimat mərasimi keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimai xadimlər, alimlər, KİV nümayəndələri iştirak etdikləri mərasimdə əvvəlcə Prezident İlham Əliyevin həyat və fəaliyyəti barədə qısametrajlı film göstərilmişdir.

Hər buraxılışını dünyanın məşhur şəxsiyyətlərinə həsr edən jurnalın bu nömrəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin, xarici işlər naziri Elmar Məmmədyarovun, Milli Məclisin deputatı Elmira Axundovanın, habelə Aleksey Krayevski, Qrem Uilson və başqalarının məqalələri dərc olunmuşdur. Jurnalın xüsusi buraxılışında Azərbaycan Prezidentinin genişmiqyaslı fəaliyyəti, həmçinin ölkənin sürətli inkişafı ilə bağlı məqalələr verilmişdir. Nəşrdə ümummilli lider Heydər Əliyev haqqında geniş məqalə dərc olunmuşdur.

Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz MEHDİYEV çıxış edərək dedi:

- Hörmətli xanımlar və cənablar.

Hörmətli mərasim iştirakçıları.

Azərbaycana qısa müddətdə inanılmaz nailiyyətlər qazandıran Prezident İlham Əliyevin apardığı siyasət xarici ölkələrdə də böyük maraqla izlənilir. Artıq xarici mətbuatda tez-tez inkişafın Azərbaycan modeli haqqında danışılır.

Şərq ilə Qərb arasında yerləşən Azərbaycan müasirlik, inkişaf, sabitlik, multikulturalizm fenomenlərini rəhbər tutur. Ölkə modernləşmənin təkcə Qərb modelini deyil, həm də Şərq modelini öyrənir, onun vəhdətini yaradır. Azərbaycanın hələ keçid dövründə əldə etdiyi güclü dövlətçilik, bazar iqtisadiyyatı, yaxşı investisiya imkanları yenicə müstəqil olan ölkələr üçün olduqca cəlbedicidir, nümunədir.

Çoxmillətli Azərbaycan tarixi boyunca heç vaxt dinlərarası, etnik qruplararası münaqişələrə səhnə olmayıb və olmayacaq da. Çünki tolerantlıq milli dəyər kimi qorunur. Prezident İlham Əliyevin öz fəaliyyəti ilə dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqa verdiyi bəşəri töhfələr, Azərbaycanı bölgənin humanitar təfəkkür mərkəzinə çevirməsi bunun bariz nümunəsidir.

Hörmətli xanımlar və cənablar. Mən salonda olan qonaqların çoxunun Rusiyadan, Ukraynadan gəlməsini nəzərə alaraq çıxışmı rus dilində davam etdirmək istərdim.

Hörmətli qonaqlar, biz sizinlə bərabər nüfuzlu “LİÇNOSTİ” jurnalının növbəti, Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş nömrəsinin çapdan çıxması ilə əlaqədar tədbirdə iştirak edirik.

Bəşəriyyət tarixi miqyasında 10 il çox qısa zaman kəsiyidir. Lakin cəmi 20 yaşı olan dövlət üçün bu, çox əhəmiyyətli dövrdür. Məhz bu səbəbdən İlham Əliyevin Prezidentliyinin 10 illiyinə Böyük Quruculuq Yolunun başlanğıcı kimi baxmaq lazımdır.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilmiş inkişaf strategiyası təkcə iqtisadi artıma və siyasi sabitlik yaradılmasına deyil, həm də insan kapitalının artırılmasına və sosial strukturların yenidən qurulmasına hədəflənmişdir. Bu, dünya ictimaiyyətinin diqqətindən yayınmır.

Azərbaycanın dünyanın siyasi xəritəsində öz müstəqil yerini tutduğu vaxtdan 20 ildən bir qədər çox keçmişdir. Bir sıra dövlətlərdən fərqli olaraq Azərbaycan özünün xüsusi iqtisadi və siyasi modelini yaratmağa müvəffəq olmuşdur: Son 10 il ölkəmiz üçün iqtisadiyyatın misli görünməmiş inkişafı, siyasi sistemin möhkəmlənməsi, vətəndaş cəmiyyətinin təşəkkülü illəri olmuşdur. Hətta qlobal iqtisadi böhran şəraitində də Azərbaycan iqtisadiyyatı və ölkə vətəndaşlarının rifahı artmaqda davam edir, şəhərlərin və rayonların siması yaxşılığa doğru tanınmayacaq dərəcədə dəyişir. Bir sözlə, son 10 il Azərbaycan xalqının həyatını tamam başqa müstəviyə yönəltmişdir. Ölkəmiz Qərbdə və Şərqdə, Şimalda və Cənubda geosiyasi mərkəzlərin qovuşduğu bir məkan kimi beynəlxalq həyat məsələləri barədə həqiqətən müstəqil mövqeyini qoruyub saxlaya bilmişdir.

Bu gün müstəqil Azərbaycan dövləti artıq gerçəkləşmiş tarixi faktdır. Azərbaycan regional lider kimi çıxış edir, regionda heç bir məsələ onun prinsipial rəyi nəzərə alınmadan həll olunmur. Beynəlxalq məsələlərdə Azərbaycanın mühüm rolunun təsdiqi kimi dövlətimiz 155 ölkənin səsverməsi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu gün nəinki qonşularımız, hətta okeanın o tayındakı strateqlər də Azərbaycanla hesablaşmağa məcburdurlar.

Müstəqil Azərbaycanın memarı Heydər Əliyev 1993-2003-cü illərdə hakimiyyət sükanı arxasında olanda respublikada tarixi əhəmiyyətli hadisələr baş vermişdir.

Müstəqillik dövrünün həmin illəri ümidlərin dirçəlməsi ilə əlamətdar olmuşdur. Bu illər həyatımızın bütün sahələrində, bütövlükdə ölkədə dəyişikliklərin yeni pöhrələrini yaratmışdır. Məhz həmin dövrdə Azərbaycan tamhüquqlu müstəqil dövlət kimi təşəkkül tapmış, özünün dövlət və hakimiyyət atributlarını bərpa etmişdir.

Biz elə bir şəraitdə yaşayırıq ki, beynəlxalq vəziyyət çox sürətlə dəyişir. Lakin yeni regional və qlobal çağırışlara baxmayaraq, ölkəmiz modernləşmə yolu ilə inamla irəliləyir, öz gələcəyini sərbəst ölçülüb-biçilmiş və qətiyyətli şəkildə formalaşdırır.

Dövlətimizin başçısı İlham Əliyev öz fəaliyyətində Heydər Əliyevin müəyyən etdiyi müasir dövlət quruculuğu xəttinə sadiqlik nümayiş etdirir. Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm – bütün bunlar Prezident İlham Əliyevin siyasətinin mahiyyətini səciyyələndirir.

Bu gün, Azərbaycanda yeni nailiyyətlər üçün möhkəm təməl yarandığı bir vaxtda biz öz imkanlarımızın üfüqlərini genişləndiririk. Dövlətimiz öz rəqabət üstünlüklərini dəqiq dərk etməklə bərabər, bu üstünlükləri iqtisadi və sosial uğurlara necə çevirmək lazım olduğunu da bilir.

Azərbaycanın geosiyasi inkişaf modelinin formalaşması və təkmilləşdirilməsi üzrə Prezident tərəfindən görülən tədbirlər bu modelin maddiləşməsinin müsbət əlamətləri ilə, şəraitə və zamanın tələblərinə uyğunlaşmaq qabiliyyəti ilə təsdiqlənir.

Bizim Prezidentin malik olduğu dövlətçilik istedadını və müdrikliyi qiymətləndirməmək çətindir. Məhz İlham Əliyevin istedadı, siyasi uzaqgörənliyi və böyük idarəçilik qabiliyyəti sayəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada dayanır.

İlham Əliyev 10 il ərzində islahatların yuxarı həddini tədricən qaldıraraq ciddi və uzaqgörən dövlət lideri keyfiyyətlərini daim nümayiş etdirmişdir. Bu nadir keyfiyyətlər müasir siyasi xadimlərin heç də hamısına xas deyildir. Yalnız İlham Əliyev kimi seçmə siyasi xadimlər bu keyfiyyətlərə malikdirlər. Onun qibtədoğuracaq qətiyyəti və həyata keçirdiyi tədbirlərin praktiki səmərəsi Azərbaycanın öz geosiyasi irsini yeni tərkib hissələri ilə zənginləşdirməsinə imkan verir.

Prezident İlham Əliyevin fəaliyyəti ölkə hüdudlarından kənara çıxmışdır. O, mühüm beynəlxalq layihələrin həyata keçirilməsində fəal iştirak edir. Bakı-Tbilisi-Ceyhan kəmərinin işə salınması nəticəsində Xəzər neftinin xarici bazarlara nəql edilməsinə start vermiş ən iri tranzit layihəsi buna əyani nümunədir. 2007-ci ilin iyun ayında “Şahdəniz” yatağının Azərbaycan blokunda hasil edilən Xəzər qazının Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə nəql edilməsi başlanmışdır. Bu günlərdə “Şahdəniz-2” yatağı üzrə yekun investisiya qərarının imzalanması mərasimi keçirilmişdir. Bu layihə Cənubi Qafqaz boru kəmərinin Azərbaycan və Gürcüstan əraziləri boyunca genişlənməsinə xidmət edəcək, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin tikintisinə dair planların həyata keçirilməsinə təkan verəcəkdir. Prezident İlham Əliyevin irəli sürdüyü bu təşəbbüs dünyada ən iri energetika layihələrindən birinə çevrilmişdir. Həmin layihə regionun və Avropanın enerji xəritəsini dəyişəcəkdir. Prezidentin yürütdüyü enerji siyasəti Azərbaycan iqtisadiyyatını transformasiya etməyə və şaxələndirməyə imkan verəcəkdir. “Şahdəniz -2” layihəsinə gəldikdə isə, bu layihə Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcıdır.

Tezliklə biz Prezident İlham Əliyevin daha bir təşəbbüsünün gerçəkləşməsinin – Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin başa çatdırılmasının şahidi olacağıq. Strateji tərəfdaşlığı sabit inkişaf etdirən 3 ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə yaxın gələcəkdə ən qısa dəmir yolu magistralını istifadəyə verəcəklər. Bu magistral Asiya ilə Avropanı əlaqələndirən daha bir vasitə olacaqdır.

Əminliklə deyə bilərəm ki, bu gün Azərbaycan təkcə energetika sahəsində deyil, həm də müəyyən dərəcədə Avrasiyada geosiyasi trendlərin müəyyən edilməsində mühüm rol oynayır. Artıq heç kəs şübhə etmir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı qlobal planları olan regional dövlət kimi irəli çıxarmışdır.

Müasir Azərbaycan böyük geosiyasi əhəmiyyətə malik olan ölkədir. Onun iqtisadi nailiyyətləri və siyasi təşəbbüsləri dünya birliyi tərəfindən etiraf edilir. Ölkəmiz çox böyük intellektual və mədəni potensiala, müasir inkişaf perspektivlərinə malikdir. Azərbaycan artıq bütün dünyaya sübut etmişdir ki, o, neft ölkəsi və Olimpiya dövləti olmaqla yanaşı, həm də kosmik dövlətdir və bu, heç də son hədd deyildir.

Güclü, ardıcıl və xalq tərəfindən dəstəklənən Prezident İlham Əliyev kimi lider olmasaydı, ölkəmizin inkişafında yüksək nəticələrə nail olmaq mümkün olmazdı. Təsadüfi deyildir ki, İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz haqqında Avrasiyada yeni maraqlı fenomen kimi danışmağa başlamışlar. 2013-cü ilin oktyabr ayında prezident seçkilərinə - dövlətin və cəmiyyətin mühüm sosial-siyasi imtahana çəkildiyi bir hadisəyə dünya ictimaiyyətinin marağı da bununla izah edilir. Bu imtahanı götürənlər, yəni görülmüş işlərə ən obyektiv qiymət verənlər isə Azərbaycan vətəndaşlarıdır. Prezident seçkilərində İlham Əliyevin seçicilərin 84 faizindən çoxunun səsini toplayaraq növbəti beş il üçün dövlət başçısı seçilməsi onun quruculuq fəaliyyətinin məntiqi yekunudur. Eyni zamanda, Azərbaycan Prezidenti seçkiləri dövlət planlarının yeni formatda həyata keçirilməsində yeni mərhələ olmuşdur. Bu mərhələnin səciyyəvi xüsusiyyətlərindən biri ondan ibarətdir ki, hakimiyyət və xalq çox sıx əlaqəli şəkildə işləyəcəkdir.

Şübhə yoxdur ki, bizim övladlarımız müasir Azərbaycanın inkişaf yollarını öyrənərkən İlham Əliyevin XXI əsrdə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və inkişafında, milli ideyanın gerçəkləşməsi üçün Azərbaycan millətinin sıx birləşməsində mühüm rol oynamış görkəmli siyasi xadim və milli lider kimi rolunu qeyd edəcəklər.

Bu gün, demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması və bazar iqtisadiyyatının inkişafı şəraitində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatının bütün sahələrində yenilənmə baş verir. O cümlədən yeni gənclər siyasəti formalaşır. Bu siyasət Azərbaycanın gənc vətəndaşlarının iqtisadi, mədəni və mənəvi tələbatının təmin edilməsinə yönəlmişdir. Gəncə şəhərinin 2016-cı ildə Avropanın gənclər paytaxtı seçilməsi buna əyani sübut ola bilər. Bu fakt özü Prezident İlham Əliyevin gənclər siyasətinin dünya ictimaiyyəti tərəfindən tanınmasını göstərir.

Prezident İlham Əliyev hakimiyyətdə olduğu illər ərzində Azərbaycan xalqının sevgisini və dərin hörmətini qazanmışdır. Prezident ilə xalq arasında bu ali qarşılıqlı hisslər İlham Əliyevə güc və inam verir. Onun ölkəni irəli apardığı yol çətin, lakin doğru yoldur. Məhz bu yol xalqımızı daha yaxşı gələcəyə aparır.

Əminəm ki, nüfuzlu “LİÇNOSTİ” jurnalının müstəqil Azərbaycanın Prezidentinə həsr edilmiş xüsusi nömrəsinin çapdan çıxması geniş ictimaiyyətin görkəmli dövlət xadimi İlham Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti ilə daha yaxından tanış olmasına imkan verəcəkdir.

Ukraynalı dostlarımızın bu təşəbbüsü çoxmillətli auditoriyaya Azərbaycan Prezidentini təkcə müdrik siyasi xadim kimi deyil, həm də öz xalqının ləyaqətli oğlu, əsl vətənpərvər, Vətəninin rifahı naminə yorulmadan çalışan lider kimi tanımaq imkanı verəcəkdir.

Jurnalın bu nömrəsinin hazırlanması və nəşri üçün öz qüvvəsini və vaxtını əsirgəməyən insanların hamısına təşəkkür etmək istərdim.

Diqqətinizə görə minnətdaram!

X X X

“LİÇNOSTİ” jurnalının baş redaktoru Yuri BELETSKİ çıxış edərək dedi:

- Əziz dostlar.

İcazə verin, ilk növbədə sizinlə görüşmək, sizin fikirlərinizi öyrənmək, görülmüş işlər barədə mülahizələrimi sizinlə bölüşmək şərəfinə layiq görüldüyüm üçün təşəkkürümü bildirim. Bu şəhərin insanlarına, buradakı ab-havaya heyranam. Bugünkü görüşün təşkilatçılarına və “LİÇNOSTİ” jurnalının xüsusi buraxılışının müəlliflərinə təşəkkür etmək istəyirəm.

Layihəmizin tarixi barədə danışmaq istərdim. 15 il bundan əvvəl – 1999-cu ildə yaranmış jurnalımız əslində nə nəhəng siyasi simalar üçün nəzərdə tutulmuşdur, nə də bioqrafik portretlərin populyarlaşdırılması üzrə ixtisaslaşır. Söhbət gənclərin - bizim uşaqlarımızın, nəvələrimizin maarifləndirilməsindən gedir. Nəsillər arasında varislik çox vacibdir. Bu varislik isə, mənim qəti əqidəmə görə, bütövlükdə tarixi bilməyə, bu tarixin özünü yaradan şəxsiyyətlərin tarixini bilməyə əsaslanır. 10 il bundan əvvəl bizim jurnalın devizi məhz belə seçilmişdir – “Tarixin təcəssümü”. Biz bəşəriyyəti hərəkətə gətirən bu prosesin bütün mürəkkəbliklərini məhz şəxsiyyətlər timsalında dərk edirik.

Jurnalın ilk nömrəsi 2006-cı ildə çapdan çıxmışdır. Bu müddətdə təxminən 700 bioqrafik esse çap etmişik. Biz Azərbaycan haqqında və əlbəttə, bugünkü tədbirin qəhrəmanı – Prezident İlham Əliyev haqqında yazmaq istəyirdik. İlk dəfədir ki, jurnalın bir buraxılışı bütünlüklə bir nəfərə - siyasi liderə həsr edilmişdir. İndiyə qədər bizim jurnal sırf maarifçilik xarakteri daşıyırdı. Lakin biz parlaq, güclü şəxsiyyət görmək istəyirdik.

Burada iştirak edənlərin, bizə kömək edənlərin hamısına minnətdaram. Mən “LİÇNOSTİ” jurnalına da təşəkkür edirəm. Bu layihə mənim üçün çox qiymətlidir. Bu jurnalın sayəsində mən neçə-neçə səmimi, gözəl insanla tanış olmaq imkanı qazanmışam.

X X X

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif ƏLİZADƏ çıxış edərək dedi:

- Əziz mərasim iştirakçıları, adətən mən çıxış etməyə hazırlaşarkən epiqraf üçün bir münasib ifadə axtarıram. Bu dəfə də uzun müddət axtardım, lakin respublikamızın Prezidenti cənab İlham Əliyevin öz sözlərindən yaxşı heç nə tapa bilmədim. Buna görə də icazənizlə çıxışıma məhz Prezidentin sözləri ilə başlamaq istəyirəm: “Biz özümüzə və bütün dünyaya sübut edə biləcəyik ki, biz müstəqil ölkə kimi yaşaya bilərik. Hətta ən mürəkkəb böhran dövründə də öz qüvvəmizə arxalanaraq müstəqil siyasət yürüdə bilərik”.

Zənnimcə, bu sözlər mənim çıxışımın və bütövlükdə bugünkü görüşün ruhuna uyğundur.

Alimlər XX əsri müxtəlif cür xarakterizə edirlər. Lakin hamı razılaşar ki, XX əsr liderlər dövrü olmuşdur. Sovet İttifaqında İosif Stalin, ABŞ-da Franklin Ruzvelt, Con Kennedi, Fransada Şarl de Qoll, Türkiyədə Mustafa Kamal Atatürk, Azərbaycanda Heydər Əliyev lider olmuşdur. Azərbaycan xalqı Heydər Əliyevə hədsiz minnətdardır. Sovet dövründə onun respublikaya rəhbərlik etdiyi illərdə, həmin sistemin bütün qüsurlarına baxmayaraq, güclü iqtisadi potensial yaradılmışdır, milli mədəniyyət zənginləşmişdir, rəhbər idarəetmə kadrları hazırlanmışdır. Artıq müstəqil Azərbaycanda yaxın tariximizdə də çox dəyərlər onun adı və fəaliyyəti ilə bağlıdır. Əlbəttə, Heydər Əliyev ilk növbədə Azərbaycan dövlətçiliyinin memarı və strateqidir. Ulu Öndər hüquqi dövlətin və demokratiyanın təməlini qoymuş, öz fəaliyyətində ölkədə asayişi və sabitliyi təmin edən ənənələri və yeni ab-havanı səmərəli şəkildə əlaqələndirmişdir. Bu baxımdan ən əhəmiyyətli məqam ondan ibarətdir ki, Heydər Əliyev Azərbaycana öz fəaliyyət xəttinin ən yaxşı ənənələrinin varisi və davamçısını – respublikamızın Prezidenti İlham Əliyevi bəxş etmişdir. Azərbaycan xalqı əmindir ki, yeni, XXI əsrdə, yeni dövrdə ölkəmizin uğurları İlham Əliyevin yüksək təhsili, elmi erudisiyası ilə yanaşı, atasının xarakterinin əsas cəhətlərini – strateji təfəkkür, öncəgörmə istedadı və xarizma kimi məziyyətləri mənimsəmişdir.

Ən başlıcası, İlham Əliyev özünün bütün bu məziyyətlərini xalqa xidmətə və ölkəsinin firavanlığına yönəltmişdir.

Məlum olduğu kimi, XXI əsrin ötən illərində böhran və qloballaşma bütün dünyanı təlatümə salmışdır. Texnoloji tərəqqiyə təkan verən qloballaşma ziddiyyətləri aradan qaldırmır və hətta zəiflətmir, əksinə, daha da kəskinləşdirir və gücləndirir. Millətlərarası münaqişələr, terrorizm, qeyri-qanuni miqrasiya, müharibələr – bütün bunlar qloballaşmanın doğurduğu təhdidlərin yalnız az bir qismidir. Çoxsaylı riskli problemlərin həlli çox cəhətdən siyasi liderin şəxsiyyətindən, onun bacarığından, mənəvi keyfiyyətlərindən, düzgün seçim etmək qabiliyyətindən asılıdır. Eyni zamanda, dünyada bu cür liderlərin və onların fəaliyyət proqramlarının kəskin qıtlığı hiss olunur. Uzağı görməyən bəzi politoloqlar hətta tələsərək bütün dünyaya car çəkiblər ki, guya liderlər əsri başa çatmışdır, qloballaşma dövründə xarizmatik şəxsiyyətlərə deyil, menecerlərə ehtiyac vardır. Lakin bu yanlış fikirdir. Dövlətləri menecerlər deyil, liderlər idarə edirlər. Azərbaycan liderinin dünya birliyində öz mövqeyi var, o, öz inkişaf yolunu seçmişdir və bu yol dünyadakı reallıqlar nəzərə alınmaqla praqmatik şəkildə həyata keçirilir. Bu mövqe BMT, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO, UNESCO səviyyəli beynəlxalq təşkilatlar, müxtəlif beynəlxalq forumlar və konqreslər səviyyəsində başa düşülür və dəstəklənir.

Yeni dövr özü ilə birlikdə həm də yeni çağırışlar, yeni ab-hava gətirmişdir. Bu çağırışlar inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün müxtəlif şəkildə səslənir. Əlbəttə, konkret regionlardan, ölkənin geosiyasi mövqeyindən, onun təbii ehtiyatlarından, ənənələrdən və mədəniyyətlərdən asılı olaraq müxtəlif şəkildə təzahür edən ümumi cəhətlər var. Bu çağırışlara yalnız öz ölkəsinin xüsusiyyətlərini dərindən başa düşmək şərti ilə adekvat cavab vermək olar. Prezident İlham Əliyev uzaqgörən siyasi xadim kimi aydın təsəvvür edir ki, indiki şəraitdə Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft və qaz strategiyasını sadəcə davam etdirmək kifayət deyil, sanballı hədəflərə nail olmaq üçün ölkədə və dünyada cərəyan edən proseslərə həqiqətən innovasiyalı, kreativ yanaşma lazımdır.

Məhz bu cür yanaşma sayəsində ölkə təbii resurslarla yanaşı, insan potensialından da optimal istifadə etməlidir. İlham Əliyev ümumxalq səsverməsi yolu ilə Azərbaycan Prezidenti seçiləndən sonra lap əvvəldən ölkənin modernləşməsi kursunu seçmişdir. Bu kursun dinamikliyinə baxmayaraq o, daim dəqiqləşdirilir, lakin əsas məsələ budur ki, bu kursda Azərbaycanın və onun xalqının mənafeləri birinci yer tutur. Ölkənin modernləşməsi modeli dövlətin və vətəndaş cəmiyyətinin təməlinə çevrilə biləcək səmərəli, sabit inkişaf edən iqtisadiyyat yaratmaq üçün öz resurslarından istifadə edilməsini nəzərdə tutur. Bu bünövrə Azərbaycan siyasətinin liderinin rəhbərliyi ilə, onun komandasının praqmatik xarici siyasətin və güclü daxili sosial siyasətin sayəsində yaradılır. Ölkənin təhlükəsizliyini, elmin, mədəniyyətin və təhsilin inkişafını yalnız bu bünövrə təmin edə bilər. Fəaliyyət kursunun düşünülmüş olması həm də vətəndaşların həmrəyliyini və etimadını təmin edir. Azərbaycanın modernləşmə kursu suveren dövlətin dinamik inkişafı prosesini sürətləndirməyə imkan verən fəaliyyət kursudur.

İlham Əliyevin Prezident vəzifəsində fəaliyyəti illərində çox böyük işlər görülmüşdür. Azərbaycan iqtisadiyyatı ümumi iqtisadi konyunkturda təzahür edən dəyişikliklərə dinamik və çevik reaksiya verir. Azərbaycan xalqının özü bu dəyişikliklərə daha dinamik münasibət bildirir. Yeni neft və qaz kəmərləri tikilmişdir, infrastrukturun inkişafı ilə bağlı iri layihələrə milyonlarla dollar sərmayə qoyulur. Bir milyondan çox iş yeri yaradılmışdır. Ümumi daxili məhsulun qeyri-neft sektorunda xüsusi çəkisi artmışdır. Özəl biznes fəal inkişaf edir, yeni səhiyyə, təhsil, idman obyektləri tikilir. Ordumuzun daha güclü və mobil olması üçün çox iş görülmüşdür. Bir sıra güclü dövlətlərin mənafelərinin kəsişdiyi məkanda yerləşən ölkəmiz öz Prezidentinin rəhbərliyi ilə balanslaşdırılmış, səmərəli və uzaqgörən siyasət yürüdür.

Müasir dövrün əsas tələbi dünyanın yeni arxitekturasında iştirak etmək, beynəlxalq aləmdə cərəyan edən çox mürəkkəb proseslərə təsir göstərmək imkanıdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul edilmişdir. Bu Konsepsiyada nəzərdə tutulan əsas məsələlər iqtisadi inkişafın müasir formasına keçid məsələsidir. İki həftə bundan əvvəl “Şahdəniz-2” üzrə yekun investisiya qərarı imzalanmışdır. 1994-cü ildə unudulmaz Heydər Əliyev tərəfindən imzalanmış neft müqaviləsi “XX əsrin müqaviləsi” adlandığı kimi, “Şahdəniz-2” müqaviləsi də artıq “XXI əsrin müqaviləsi” adlanır. Yeni investisiya qərarının imzalanması bəzilərində eyforiyaya səbəb olmuş, başqalarını bir qədər çaşdırmışdır. Lakin biz belə hesab edirik ki, Azərbaycan gələcəyə yönəlmiş düzgün yol seçmişdir. Mühüm qərar imzalanmışdır və hamı başa düşür ki, Azərbaycanın gələcək inkişafına dair böyük proqramın yerinə yetirilməsi başlanmışdır.

Beləliklə, ölkə iqtisadiyyatının, onun mənəvi və mədəni sahələrinin layiqincə inkişaf etməsi üçün bu gün çox iş görülür. Bu baxımdan ölkənin mədəni inkişafına Heydər Əliyev Fondunun və onun prezidenti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çox böyük töhfəsini qeyd etmək vacibdir. Bu sahədə görülən işləri saymaqla qurtarmaz. Lakin ən başlıcası, Mehriban xanım Azərbaycan xalqının uzaq keçmişindən qaynaqlanan xeyirxahlıq, xeyriyyəçilik, mərhəmət kimi böyük humanist missiyanı uğurla davam etdirir.

Ölkənin modernləşdirilməsi ümumxalq işinə çevrilmişdir. Ən başlıcası, gənclər bu kursu qəbul etmişlər. Onlar dünyanın ən yaxşı universitetlərində təhsil almaq, aparıcı elmi mərkəzlərdə təcrübə keçmək məqsədilə Prezidentin təsdiq etdiyi proqramlarda fəal iştirak edirlər. Bir məqamı da qeyd etməliyəm ki, Azərbaycan Prezidenti elmin, Milli Elmlər Akademiyasının inkişafını ölkənin modernləşmə kursunun mühüm tərkib hissəsi hesab edir.

Azərbaycanın güclü, müstəqil və çiçəklənən dövlətə çevrilməsi kimi böyük məqsəd bu gün artıq şübhə doğurmur. Qabaqcıl ölkələrin təcrübəsini öyrənmək olar. Lakin inkişaf o halda davamlı olur ki, o, müasirlik anlayışına əsaslansın. Gənclər yalnız bu şəraitdə modernləşmənin fəal iştirakçısına çevrilir. Bu gün hamı etiraf edir ki, Azərbaycan öz resurslarından və insan kapitalından istifadə etməklə davamlı şəkildə, mərhələlər üzrə inkişaf edən dinamik ölkədir. Qədim Bakı müasir dövrün ən gözəl şəhərinə, regionun mədəni mərkəzinə, humanitar problemlərin müzakirə edildiyi beynəlxalq məkana çevrilmişdir. İndi bütün dünya bilir ki, Bakı multikulturalizm, tolerantlıq və konfessiyalararası dialoq mərkəzidir.

Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi 10 ilin təcrübəsi göstərir ki, Azərbaycanın dinamik inkişaf kursu uğurla davam etdiriləcəkdir.

Çıxışımın sonunda bu gözəl jurnalın naşirlərinə təşəkkür etmək istəyirəm. Mən bu jurnalın bir neçə nömrəsini alıb oxumuşam. Bunu qeyd etmək xoşdur ki, bu jurnalda mənim ölkəmin lideri və onun fəaliyyəti barədə söhbət açılır, bütün dünya onun imicindən və idarəçilik qabiliyyətindən daha ətraflı xəbər tutacaqdır.

Sağ olun.

X X X

Tədbir iştirakçılarını salamlayan Ukrayna Kitab Nəşri və Yayımı Assosiasiyasının prezidenti Aleksandr AFONİN bildirdi:

- Hörmətli xanımlar və cənablar.

Belə bir məşhur kəlam var: “Əvvəlcə söz yaranmışdır”. Söz insana inam, ümid, sevgi bəxş edir. Biz də bu gün dost Ukraynadan Azərbaycan xalqının dost ailəsinə öz sözümüzü – qarşılıqlı anlaşma, hörmət, dostluq sözlərini gətirmişik.

Tarixi görkəmli şəxsiyyətlər yaradır. Biz artıq yəqin etmişik ki, belə insanlar öz həyat və fəaliyyətləri ilə sivilizasiya tarixini yaratmışlar. Buna görə də “LİÇNOSTİ” jurnalının səhifələrində dünya miqyaslı siyasi xadim, hələ Azərbaycan xalqı naminə çox yüksək nailiyyətlər qazanacaq cənab İlham Əliyevdən bəhs edilməsi əsla təsadüfi deyildir. Həqiqətən, biz çox güman edirik ki, bu müştərək layihə qədimdən xalqlarımız arasında mövcud olmuş dostluğun inkişafına doğru daha bir addım olacaqdır. Yaşlı nəsil “Drujba narodov” jurnalına əlavə kimi, abunə ilə nəşr edilən əla kitablar seriyasını yaxşı xatırlayır. Həmin seriyada Azərbaycan mədəniyyəti haqqında çoxlu nəşrlər vardı, öz növbəsində Azərbaycan ictimaiyyəti isə bu seriya vasitəsilə Ukrayna mədəniyyəti haqqında çox şey öyrənə bilirdi. Bu gün mən bu salona baxdıqca fikirləşirəm ki, itirdiklərimizi sadəcə geri qaytarmağa yox, münasibətlərimizi inkişaf etdirməyə ümid vardır. Əminəm ki, sizin Prezidentin, necə deyərlər, ayağı düşərli olacaq, iki ölkənin və onların xalqlarının dostluğu tarixində yeni mərhələ başlanacaqdır.

X X X

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı ANAR tədbir iştirakçılarını salamlayaraq dedi:

- Nüfuzlu bir jurnalın üz qabığında Höte, Çarlz Dikkens, Rembrandt, Lvov kimi şəxsiyyətlərin fotoları ilə bir sırada Azərbaycan Prezidentinin şəklinin yer alması, bu xüsusi buraxılışda dövlətimizin başçısı İlham Əliyev və ulu öndərimiz Heydər Əliyev haqqında dəyərli məlumatların verilməsi hamımızın qəlbini qürur hissi ilə doldurur.

Son 10 ildə hörmətli Prezidentimiz İlham Əliyev dünyada çox tanınan siyasi xadimlərdən biri olmuşdur. Prezident müxtəlif ölkələrin ən yüksək ordenləri ilə təltif edilmişdir. Müxtəlif mətbuat orqanları, ayrı-ayrı təşkilatlar müxtəlif illərdə onu “ilin adamı” elan etmişdir. Bu, həm Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri, həm də onun gördüyü işlərlə bağlıdır. Ölkəmizə gələn əcnəbi qonaqlar son illərdə Azərbaycanda necə böyük inkişaf getdiyini aydın görürlər.

Prezident İlham Əliyev unudulmaz ulu öndərimiz Heydər Əliyevin siyasi yolunu geniş miqyasda davam etdirən bir siyasi xadimdir. Bunun nəticəsidir ki, son illər Azərbaycan çox zəngin olmuşdur. İqtisadi, sosial, elmi uğurlar ölkəmizi daha geniş coğrafiyada tanıtmışdır.

Azərbaycanın Bakı ilə yanaşı müxtəlif şəhərlərində də müasir avadanlıqla təchiz olunmuş mədəniyyət və səhiyyə ocaqları vardır. Bu gün Bakı həqiqətən dünyanın ən gözəl şəhərlərindən biridir. Yeni salınan parklar, bulvarlar, çəkilən yollar, tikilən körpülər bu qədim şəhərin gözəlliyini daha da artırmışdır.

Əgər Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü seçilibsə, bu quruma uğurla sədrlik edibsə, əgər bizim peykimiz orbitə çıxarılıbsa, əgər Azərbaycan beynəlxalq musiqi və idman yarışlarında birincilik qazanıbsa, şübhəsiz ki, bu, ölkəmizdə aparılan düzgün siyasətin nəticəsidir, Prezident İlham Əliyevin uzaqgörənliyi, iradəsi və qətiyyəti ilə bağlıdır.

Bu günlərdə nüfuzlu “Nezavisimaya qazeta”da bir siyahı verilmişdi. Bu siyahıda dünya ölkələrinin intellektual potensialı əksini tapmışdır. Azərbaycan bu siyahıda bütün müsəlman və ərəb ölkələrindən, türkdilli respublikalardan və bir çox başqa ölkələrdən qabaqda yer almışdır. Bu da bizim gələcəkdə daha yüksək səviyyədə - Qərb ölkələri səviyyəsində yer alacağımızın rəhnidir.

Bütün bunlara görə mən Azərbaycan ziyalıları və Yazıçılar Birliyi adından hörmətli Prezidentimizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Çünki Prezidentin yazıçılara diqqəti və qayğısı da xüsusi vurğulanmalıdır. Neçə-neçə yazıçımız Prezident təqaüdü alır. Hər il 30 yaşlı və 20 gənc yazıçı təqaüd alır. Yazıçılarımızın yubileyləri yüksək səviyyədə keçirilir. Yazıçı kimi bizi sevindirən bir də odur ki, Prezident İlham Əliyev Azərbaycan dilində çox mükəmməl çıxışlar edir. Prezidentin çıxışlarını dinləyəndə fikirləşirəm ki, dilimizin incəliklərini yalnız çox istedadlı insan bu cür qavraya, hər sözü, hər ifadəni yerli-yerində işlədə bilər.

Sonda mən “Şəxsiyyətlər” jurnalının redaksiyasına, müəlliflərinə, tərtibçilərinə minnətdarlığımı bildirmək istəyirəm ki, bu nömrəni hörmətli Prezidentimiz İlham Əliyevə həsr ediblər.

X X X

Ukrayna Milli Teleradio Komitəsinin nümayəndəsi Tatyana DEMÇENKO dedi:

- Günaydın, əziz dostlar.

Mən çox fəxr edirəm ki, Ukraynada “LİÇNOSTİ” jurnalı vardır. Bu jurnalın peşəkarlardan ibarət komandası, ilk növbədə insanlara imkan verir ki, onlar bütün məsələləri özləri həll etsinlər. Jurnalda sadəcə faktlar verilir, lakin bunlar “quru” faktlar deyildir. Bu faktlar hər kəsin bu və ya digər insana necə münasibət bəsləməsi barədə düşünməsinə imkan yaradır.

Mənim Prezident İlham Əliyev haqqında məlumatım çox az idi. Lakin xoşbəxtlikdən, bu jurnal ilə ilk tanış olanlardan biri də mənəm. Bu jurnalın sayəsində başa düşdüm ki, Prezident İlham Əliyevdən xoşum gəlir, onun işləri, sizin ölkənizdə baş verənlər, sadəcə, sizin ölkəniz xoşuma gəlir.

İndi isə sırf qadın kimi deyim: Mən yəqin bilirəm – Azərbaycanın birinci xanımı ən gözəl birinci ledidir. Sağ olun.

 

X X X

Milli Məclisin deputatı, Azərbaycanın Əməkdar Jurnalisti Elmira AXUNDOVA mərasimdə çıxış edərək dedi:

- Məşhur adamların, xüsusilə Liderlərin portretlərini yaratmaq bir publisist kimi məni həmişə maraqlandırmışdır. İlham Əliyevin bioqrafiyasının peripetiyaları üzərində düşünərkən, onun iş üslubunu, insanlarla ünsiyyətini, idarəetmə metodlarını müşahidə edərək bu qənaətə gəlmişəm ki, bu insanı uğura, həqiqi liderliyə doğru aparan uzun və mürəkkəb yol heç də çoxlarının təsəvvür etdiyi kimi asan olmamışdır.

İlham Heydər oğlu uşaqlıq illərindən iki böyük şəxsiyyətin – Heydər və Zərifə Əliyevlərin aurasının cazibəsində olmuşdur. Bu, hər bir gələcək siyasi xadim üçün ən yaxşı məktəbdir. Eyni zamanda, belə valideynlərin oğlu olmaq çox böyük məsuliyyətdir. Buna görə də İlham Əliyev hələ gənc yaşlarından özünə nəzarət etməyə, daxili intizama, qüsursuz davranmağa vərdiş etmişdir. Xüsusən ona görə ki, Heydər Əliyevin tərbiyə metodları sayəsində İlham gənclik dövründən xalq içində olmağa adət etmişdir, respublikanın iqtisadi və təsərrüfat problemləri barədə əsl həqiqəti bilirdi. Bu gün o, atasının ənənələrini davam etdirərək eyni dərəcədə enerjili və mobildir: az qala hər gün ölkənin rayonlarını gəzir, hər bir problemin mahiyyətini öyrənir və Azərbaycanın məmur elitasını daim səfərbər vəziyyətdə saxlayır.

Şəxsən mənim üçün Azərbaycan Prezidentinin xarakterinin özəyini anlamaq baxımından həqiqət anı Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxışı ilə bağlı epizod olmuşdur. İndi bu barədə mühakimə yürütmək asandır. Amma o vaxt məsələ “Hamlet” əsərində olduğu kimi idi: “Olum, ya ölüm”. Əliyevlər ailəsi birinci yolu seçdi: “Olum” yolunun nə ilə nəticələnə biləcəyinin fərqinə varmadan öz xalqının yanında olmağı qərara aldı.

Həmin taleyüklü gündə hakimiyyətin gözdən saldığı Heydər Əliyevin yanında onun oğlu İlham dayanmışdı. Əlbəttə, İlham başa düşürdü ki, bu aksiyadan sonra onların heç birinin sakit yaşamasına, işləməsinə imkan verməyəcəklər, həyatda çox şeyi sıfırdan başlamaq lazım gələcəkdir. Lakin o, atasını fikrindən daşındırmağı ağlına da gətirmirdi. O, əsl kişi kimi hərəkət etdi: atası ilə çiyin-çiyinə dayandı.

I Napoleonun belə bir məşhur aforizmi var: “Uğur – böyük insanları yaradan budur”. Zənnimcə, bu aforizm İlham Əliyevi xarakterizə etmək üçün çox münasibdir. O, Prezident seçilənə qədər hansı vəzifədə peşə yararlılığı sınağından keçmişdirsə, hər yerdə uğur qazanmışdır. Onun “Əsrin müqaviləsi”nin imzalanmasında rolunu, Avropa Şurasında Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri kimi parlaq diplomatik demarşlarını, eləcə də Milli Olimpiya Komitəsinin rəhbəri vəzifəsində həyata keçirdiyi əsl idman inqilabını xatırlayaq.

Heydər Əliyev siyasət oyununun məğlubedilməz qrossmeysteri idi və həmişə lap son ana qədər öz gedişlərini hesablayırdı. Buna görə də o, İlham Əliyevə özü kimi inandığını bəyan edəndə bütün xalq da buna inandı. Sonrakı on il ərzində isə İlham Heydər oğlu təkcə bizə, öz həmvətənlərinə deyil, bütün dünyaya sübut edə bildi ki, 2003-cü ildə Azərbaycan cəmiyyəti yeganə düzgün seçim edib.

Görkəmli qazax şairi və ictimai xadim, böyük dostumuz Oljas Süleymenovun 2003-cü ildə İlham Əliyevin respublika prezidenti seçilməsi barədə xəbəri necə şükranlıqla qəbul etməsi yadımdadır. İnauqurasiya mərasimində iştirak etmiş Süleymenov həmin mərasimdən sonra öz təəssüratlarını jurnalistlərlə bölüşərək demişdi: “.... Mən Azərbaycanın yeni Prezidentinin inauqurasiya zamanı nitqini diqqətlə dinlədim. İlham Əliyevin çıxışlarını əvvəllər də eşitmişdim. Onu və Azərbaycanın digər gənc siyasətçilərini bir neçə il müşahidə etmişəm. Axı “Hakimiyyətə kim gələcək” sualı dünən yaranmayıb. Hakimiyyətə kim gələcək – məhdud dünyagörüşlü adamlar, yoxsa planetar təfəkkürlü şəxsiyyətlər? İnkişaf sürəti, bütöv bir xalqın taleyi bu sualın cavabından asılıdır. Hər bir ölkədə planetar təfəkkürlü şəxsiyyətlər vardır. Onlar bəşəriyyətin elitasıdır. Buna görə də mən, Qazaxıstan vətəndaşı, fikrən və qəlbən İlham Əliyevə - planetar təfəkkürlü insana, öz köklərindən və həyatın axarından uzaq düşməmiş, dünya üçün açıq olan siyasi xadimə səs vermişəm”.

İlham Əliyev Prezident olduğu illərdə kütləvi şüurda yığılıb qalmış çox stereotipləri aradan qaldırmışdır. “LİÇNOSTİ” jurnalında dərc edilmiş “Onun yolu” sərlövhəli oçerkimdə həmin stereotiplər haqqında söhbət açmışam, buna görə öz sözlərimi təkrarlamayacağam. O, ilk baxışda sıravi obıvatel üçün anlaşılmaz olan addımları ilə çox vaxt həm bizi, həm də öz opponentlərini heyrətləndirirdi. Əslində isə ustalıqla ölçülüb-biçilmiş bu addımlar nəticədə həm siyasi xadim kimi ona, həm də bütün ölkəyə şəksiz dividendlər gətirirdi. Bir dəfə imkan yarandı, mən Prezidentdən soruşdum ki, o, ölkəni maliyyə böhranından, zorakılıq və dini dözülməzlik təzahürlərindən, terror özbaşınalığından qorumağa, Azərbaycanı bir sabitlik adasına çevirməyə necə nail olur. O, bircə cümlə ilə cavab verdi: “Başa düşürsənmi, Elmira, sadəcə işləmək lazımdır...”. Bəli, özü də avralsız, adi insani sevinclərdən, şəxsi həyatdan imtina etmədən işləmək lazımdır. Sadəcə, sivil və səmərəli işləməyi öyrənmək lazımdır. Azərbaycan Prezidenti İlham Əliyevin işlədiyi kimi. Bu gün səmərəli idarəçilik və dəqiq hakimiyyət vertikalı təcrübəsi bütün postsovet məkanında nümunəvi model ola bilər.

Vaxtilə Uinston Çörçill demişdir: “Dəyişən şəraitə uyğun olmağın yeganə üsulu həmin şəraitlə birlikdə dəyişməkdir”. XX yüzilliyin böyük siyasi xadimi Heydər Əliyev belə insan idi – sözün ən yaxşı mənasında praqmatik idi. XXI əsrin siyasi xadimi İlham Əliyevin dəyişməyə ehtiyacı yox idi, çünki o, həm düşüncə tərzinə, həm də dünyagörüşünə görə yeni dövrün adamıdır. Biz, müstəqil Azərbaycanın sakinləri onun ambisiyalı istəkləri və qlobal layihələri sayəsində bu gün keyfiyyətcə başqa ölkədə yaşayırıq. Bu həmin ölkə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, o, sayı məhdud olan ölkələr – kosmik klubun üzvləri sırasına daxildir, 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının iştirakçılarını öz evində qəbul edəcəkdir. Başlıca həqiqət anı isə ondan ibarətdir ki, məhz bizim ölkəmiz neft-qaz sahəsində prinsipcə yeni əsasda beynəlxalq əməkdaşlığın lokomotivinə çevrilir. Heydər Əliyevin siyasi iradəsi sayəsində imzalanmış kontrakt “İyirminci əsrin müqaviləsi” adlandırılmışdırsa, Prezident İlham Əliyevin planetar təfəkkürünün məhsulu olan “Şahdəniz–2” sazişini jurnalistlər artıq indidən, haqlı olaraq “İyirmi birinci əsrin müqaviləsi” adlandırırlar. Bu, öz ustadına çatmalı və müəyyən məqamlarda onu üstələməli olan şagird haqqında məsəli bir daha təsdiqləyən haldır.

İlham Əliyevə çox keyfiyyətlər öz valideynlərinin genləri ilə keçmişdir. Ona uca boyu, iti yerişi, parlaq natiqlik məharəti, dil öyrənmək qabiliyyəti, güclü analitik təfəkkürü və öncəgörmə istedadı atasından keçmişdir. Bir də ki, siyasi qərarlar qəbul edilməsində qətiyyətlilik, öz ölkəsinin milli mənafelərinin müdafiəsində prinsipiallıq.

O, həmçinin Zərifə Əliyeva kimi nəzakətli və alicənabdır, Heydər Əliyev kimi sirayətedici gülüşü var. Atası kimi o da öz ailəsini sevir və qoruyur, övladlarının taleyini müəyyən edərkən anası kimi diqqətcildir. Onun ailəsi və uşaqları isə bütün Azərbaycandır - ona özü qədər inanan Azərbaycan.

X X X

Bakı Slavyan Universitetinin rektoru Kamal ABDULLA çıxış edərək dedi:

- Hörmətli həmkarlar, əziz qonaqlar.

Biz bu gün Azərbaycan barədə, Azərbaycanın inkişafı, tarixi haqqında tez-tez və həvəslə danışırıq. Buna, əlbəttə ki, mənəvi haqqımız vardır.

Mən bir məsələni qeyd etmək istəyirəm. Bu gün bizim universitetlərimiz üçün xarici həmkarlarla işləmək son dərəcə asandır. Artıq tərəfdaşlarımızla əməkdaşlıq əlaqələrimizi çox asanlıqla qura bilirik. Nə üçün? Çünki indi onların özləri Azərbaycana, onun tarixinə, mədəniyyətinə, ölkəmizlə bağlı hər şeyə böyük həvəslə maraq göstərirlər.

Sürətli inkişaf dövrünü yaşayan Azərbaycan haqqında danışarkən, ilk növbədə yada iki qüdrətli dövlət xadimi - Prezident Heydər Əliyev və Prezident İlham Əliyev düşür. Bu, onların ölkə və xalq qarşısında müstəsna xidmətlərini təsdiq edən bir faktdır.

Əziz qonaqlar. Mən Bakı Slavyan Universitetinin tələbələrinin fikrini ifadə edərək bunu demək istərdim: biz Azərbaycan Prezidentinə, bu görkəmli şəxsiyyətə münasibəti bütövlükdə Azərbaycana – onun tarixinə, ədəbiyyatına və mədəniyyətinə münasibət kimi qəbul edirik. Bunu ilk növbədə gənclər, tələbələr hiss edir və onlar bu məqamı həmişə vurğulayırlar. Bu gün təqdim etdiyimiz jurnal artıq bizim tələbə auditoriyalarında böyük maraq və məmnunluqla oxunur. Tələbələr Azərbaycanın lideri İlham Əliyevin ölkəni istiqamətləndirdiyi bütün perspektivləri görür və hiss edirlər. Onlar mənim bu gün, burada, ukraynalı dostlar qarşısında çıxış edəcəyimi biləndə sizi ukrayna dilində salamlamağı xahiş etdilər. Onlar mərasim iştirakçılarına məktub ünvanlayıblar. Məktubda Bakı Slavyan Universitetinin tələbələri Ukrayna jurnalının kollektivinə Azərbaycana və onun Prezidenti İlham Əliyevə yüksək münasibətə görə təşəkkür edirlər.

Sonra rektor Kamal Abdulla universitet tələbələrinin məktubunu oxudu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir