İDMAN
Bakıda Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclasları keçirilir YENİLƏNİB VİDEO
Bakı, 15 noyabr, AZƏRTAC
Bakıda Ümumdünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclasları keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, WADA-nın prezidenti Kreyq Ridi, baş direktor Olivier Niqli, İcraiyyə Komitəsinin və Təsisçilər Şurasının üzvləri, rəsmilər və digər qonaqlar iştirak ediblər.
İclasda ötən ilki fəaliyyətin yekunlarına dair hesabat məruzəsi dinlənilib, eyni zamanda, 2019-cu ilin noyabrında Polşada keçiriləcək İdmanda Dopinq Konfransının prezidenti və vitse-prezidenti vəzifələrinə seçkilərin qaydaları müzakirə olunub.
Mərasimdə WADA-nın müstəqil normalara riayət edilməsi komitəsinin rəhbərlərinin çıxışları dinlənilib və bu istiqamətdə qəbul edilmiş qərarlar haqqında yeni məlumatlar verilib.
Bununla yanaşı, iclasda qurumun daimi komitəsinin sədrləri tərəfindən maliyyə, tibb, təhsil və digər sahələrdə görülən işlər də müzakirə edilib.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə müsahibəsində WADA-nın Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclaslarının Bakıda ilk dəfə təşkil olunmasının əhəmiyyətini xüsusi vurğulayıb. Nazir bildirib ki, bu cür mötəbər tədbirin Bakıda keçirilməsi Azərbaycanın qısa müddətdə antidopinq sahəsində gördüyü işlərdən WADA-nın razı qalmasının göstəricisidir. Ona görə də bu mötəbər tədbirin keçirilməsində ölkəmizə yüksək etimad göstərilib. İdman ictimaiyyətinin tanınmış simaları Bakıda səfərdədirlər. Burada mühüm məsələlər müzakirə olunur. Bildiyiniz kimi, idmançılarla bağlı böyük mübahisələr baş verir. Bizim əsas məqsədimiz təmiz idman və ədalətli oyunlardır. Ona görə də iclasın bu baxımdan rolunun çox böyük olacağını düşünürük.