CƏMİYYƏT
Bakıda Ümumdünya Pnevmoniyaya qarşı Mübarizə Gününə həsr edilmiş tədbir keçirilib
Bakı, 13 noyabr, Əziz Məmmədov, AZƏRTAC
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında (RKX) Ümumdünya Pnevmoniyaya qarşı Mübarizə Gününə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, RKX baş həkiminin müavini Mahir Babayev tədbirdə çıxış edib. O bildirib ki, ölkəmizin səhiyyə sistemində həyata keçirilən köklü islahatlar, tibb müəssisələrinin müasir avadanlıqla təchiz edilməsi, həkimlərin və tibb işçilərinin ixtisas səviyyəsinin artırılması nəticə etibarilə tibbi xidmətlərin keyfiyyətini yaxşılaşdırır. Diqqətə çatdırılıb ki, son illərdə ölkəmizdə infeksion xəstəliklərin profilaktikası və onlara qarşı mübarizə sahəsində aparılan genişmiqyaslı və səmərəli tədbirlər nəticəsində davamlı epidemioloji sabitlik yaranıb.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (AzDHTİ) terapiya kafedrasının dosenti, tibb elmləri doktoru Natəvan Fərəcova qeyd edib ki, pnevmoniya və ya ağ ciyər sətəlcəmi kəskin infeksion xəstəliklərə aiddir. Bu infeksiyanın orqanizmə düşməsi yolları müxtəlifdir. O, çox vaxt hava-damcı yolu ilə, bəzən də qan axını vasitəsilə yayılır. N.Fərəcova daha sonra deyib: “Pnevmoniya xəstəliyi əhalinin ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri, bədxassəli törəmələr, travmatizm və zəhərlənmələrdən sonra dördüncü yeri tutur. Pnevmoniyanın törədiciləri müxtəlif viruslar, bakteriyalar və göbələklər ola bilər. Xəstəliyin simptomları onu doğuran səbəblərdən, xəstənin yaşından və səhhətinin vəziyyətindən asılıdır. Yaşlı pasiyentlər, immuniteti zəif olan insanlar və immun sistemi mükəmməl olmayan uşaqlar bu xəstəliyi daha ağır keçirir, onlarda ağciyər fəsadları müşahidə olunur. Kəskin respirativ xəstəliklər, kəskin virus infeksiyaları fonunda ağciyər sətəlcəmi qripəoxşar simptomlarla müşayiət olunur”.
AzDHTİ-nin dosenti təəssüflə qeyd edib ki, son vaxtlar dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da pnevmoniya xəstəliyi geniş yayılıb. O deyib: “Orta hesabla, ölkəmizdə hər 100.000 uşaqdan 6-sı bronxit və pnevmoniyadan əziyyət çəkir. Hər 1000 nəfərdən 10-13-də, 50 yaşdan yuxarı insanlar arasında isə hər 1000 nəfərdən 17-də kəskin pnevmoniya müşahidə olunur. Paytaxtla müqayisədə regionlarda bu xəstəliklə bağlı statistik göstəricilər daha yüksəkdir. Statistik məlumata görə, Azərbaycanda pnevmoniya qadınlarla müqayisədə kişilər arasında daha çox yayılıb. Onu da qeyd etmək istəyirəm ki, “özünümüalicə” hallarında pnevmoniya və digər fəsadlar yaranması riski xeyli artır. Belə xəstələr çox vaxt hərarətsalıcı vasitələr qəbul etməklə kifayətlənirlər. Bu isə infeksiyanın nəfəs yolları ilə yayılmasına və ağciyərlərdə infeksiya ocaqları yaranmasına səbəb olur. İnfeksion xəstəliklər zamanı pnevmoniyanın profilaktikası məqsədilə vaxtında düzgün diaqnoz qoyulması və tam müalicə kursu keçmək zəruridir”.
Tədbirin sonunda jurnalistləri maraqlandıran suallara cavab verilib.