CƏMİYYƏT


Bakıda Ümumdünya Qalxanvarı Vəzi Gününə həsr edilmiş elmi konfrans keçirilib

Bakı, 13 aprel, Əziz Məmmədov, AZƏRTAC

Aprelin 13-də Bakıda Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının və Avropa Trioid Assosiasiyasının birgə təşkilati dəstəyi ilə Ümumdünya Qalxanvarı Vəzi Gününə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Diabet Federasiyasının (IDF) üzvü, Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədri, professor Valeh Mirzəzadə tədbirdə çıxış edib. O qeyd edib ki, Bakıda üçüncü dəfə keçirilən elmi-praktik konfransda yerli həkimlərlə yanaşı, beynəlxalq aləmdə tanınmış mütəxəssislər, o cümlədən Avropa Trioid Assosiasiyasının 2018-2021-ci illər dövrü üçün prezidenti, danimarkalı professor Laslo Xeqedyus da iştirak edir.

Onun sözlərinə görə, yod çatışmazlığı ilə bağlı xəstəliklər kardioloji, nevroloji, ginekoloji, oftalmoloji, qastroenteroloji və bir sıra başqa problemlərə gətirib çıxarır. V.Mirzəzadə daha sonra qeyd edib ki, konfransda keçiriləcək tematik müzakirələr təcrübə mübadiləsinə şərait yaradacaq, həkimlərin qalxanvarı vəzinin müalicəsi üzrə birgə fəaliyyətini daha da təkmilləşdirməyə töhfə verəcək.

Konfransın elmi hissəsi tematik məruzələrlə davam edib. Professor Laslo Xeqedyusun “Hipotireoz və hipertireoz hallarında sürəkli xəstəlik və ölüm”, Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini professor Əziz Əliyevin “Tireoid xərçənginin cərrahi müalicəsi”, italiyalı professor Enriko Papininin “Autoimmun tireoiditin (Haşimoto tireoditinin) cərrahi və qeyri-cərrahi müalicə üsulları” mövzusunda məruzələri dinlənilib.

Məruzələr başa çatandan sonra geniş müzakirələr aparılıb.

Qeyd edək ki, 2009-cu ildən etibarən hər il bütün ölkələrdə keçirilən Ümumdünya Qalxanvarı Vəzi Gününün əsas məqsədi alimlərin, tibb işçilərinin və ictimaiyyət nümayəndələrinin diqqətini bu xəstəliklə bağlı problemlərə cəlb etmək və onların həlli yollarını müzakirə etməkdir.

Ümumdünya Qalxanvarı Vəzi Günündə tibbi təşkilatlar xüsusi aksiyalar – konfranslar, forumlar, seminarlar keçirir, həmin tədbirlərdə xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası məsələləri müzakirə edilir.

2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Qanun qəbul edib. Bu Qanun 2003-cü ildə qüvvəyə minib. Səhiyyə Nazirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində ölkəmizdə yod çatışmazlığı ilə bağlı xəstəliklərin sayı bir neçə dəfə azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.