ELM VƏ TƏHSİL
Bakıda Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının konfransı keçirilir YENİLƏNİB VİDEO
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 19-da Bakıda Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının (UPBA) “Qloballaşma və ali təhsildə yeni meyarlar” mövzusunda konfransı öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə keçirilən konfransın işində Rusiya, ABŞ, İran, Gürcüstan, Hindistan, Polşa, Çin, Fransa, Meksika, Avstriya, Danimarka, Ukrayna və digər ölkələrdən 60-dək rektor və digər mötəbər qonaqlar iştirak edirlər.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq -alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının uyuduqları Şəhidlər xiyabanını ziyarət edən forum iştirakçıları məzarların üzərinə güllər qoyublar.
Konfransın plenar iclasında çıxış edən, ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədbirdə təhsilin gündəmində olan məsələlər, qarşıda duran problemlərin həlli yolları ətrafında müzakirələrin aparılacağını bildirib. O, sürətlə qloballaşan dünyada inkişafla ayaqlaşa bilmək üçün təkcə bu günlə bağlı deyil, bilavasitə gələcək inkişafa hesablanmış addımların atılmasının zəruriliyini qeyd edib.
Rektor konfransın universitetlər arasında əməkdaşlığın genişləndirilməsinə və yeni əlaqələrin qurulmasına böyük töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
UPBA-nın prezidenti Kaxa Şengeliya “Qloballaşma və ali təhsildə yeni meyarlar” mövzusunda konfransda universitet rektorlarının, Azərbaycan və Gürcüstanın təhsil sahəsinə rəhbərlik edən şəxslərin iştirakını yüksək dəyərləndirib, tədbirin məhsuldar və səmərəli olacağına əminliyini bildirib.
Qeyd edilib ki, ikigünlük konfransda “Bilik transferinə müasir yanaşma: fənlərarası tədqiqat və təşəbbüskar və sahibkarlıq düşüncəsinin yüksəldilməsi”, “Sosial məsuliyyət və bilik transferi. Universitet və sənaye əməkdaşlığı”, “Ali təhsildə bərabərlik: təkliflər və imkanlar” mövzuları üzrə müzakirələr aparılacaq.
Təhsil nazirinin səlahiyyətlərini icra edən Ceyhun Bayramov Bakıda keçirilən bu mötəbər konfransın nəcib məqsədlərə xidmət etdiyini söyləyib. O, müasir qloballaşma dövründə həyatın müxtəlif sahələri kimi təhsil mühitinin də çağırışlarla üzləşdiyini qeyd edib, konfransın çağırışlara qarşı mübarizəyə töhfə verəcəyini vurğulayıb, onun işinə uğurlar arzulayıb.
Gürcüstanın təhsil və elm naziri Mixail Çxenkeli təhsilin digər sahələrdən daha çox əməkdaşlıq tələb edən sahə olduğunu deyib. Qonaq konfransın təcrübə mübadiləsi və yeni əməkdaşlıqların qurulması üçün əlverişli platforma olduğunu bildirib.
Konfrans işini bölmələr üzrə davam etdirib.
Qeyd edək ki, 1965-ci ildə yaradılan UPBA ali təhsil müəssisələrinin yüksəkvəzifəli icraçılarının daxil olduğu beynəlxalq qurumdur. Təşkilata üzvlük məhdud olub regional akkreditasiyaya malik universitetlərin prezidentləri, rektorları və rektor müavinlərinə şamil edilir. Birlik qeyri-hökumət təşkilatı olaraq Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında (ECOSOC) məsləhətçi hüququna malikdir.