İQTİSADİYYAT
Bakıda VI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir VİDEO
Bakı, 2 iyul, AZƏRTAC
İyulun 2-də Bakıda ölkəmizdə ilin ən böyük sığorta tədbiri olan ənənəvi Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF-2015) öz işinə başlayıb. İki gün davam edəcək tədbir Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dəstəyi ilə keçirilir.
AZƏRTAC xəbər verir ki, forumda maliyyə naziri Samir Şərifov, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, maliyyə nazirinin müavini Azər Bayramov və Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov və digər rəsmi şəxslər iştirak ediblər.
Forumda çıxışı zamanı maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycanda sığorta bazarında vasitəçilərin fəaliyyətinin tənzimlənməsi üçün daha sərt qayda və üsullar tətbiq olunacaq. “Əksər hallarda sığorta şirkətlərinin yaxşı fəaliyyəti sığorta vasitəçilərinin fəaliyyəti ilə korlanır və nüfuzdan salınır. Sığorta şirkətləri müştərilərlə işə və onların hüquqlarının qorunmasına daha çox diqqət ayırmalıdır. Şirkətlər müştərilərinə aşağı keyfiyyətli xidmət göstərmək hesabına gəlirlərini artırmağa çalışmamalıdırlar", - deyə nazir diqqətə çatdırıb.
Kənd təsərrüfatı sahəsində sığorta məhsullarının yaradılmasının çox önəmli olduğunu vurğulayan nazir Samir Şərifov qeyd edib ki, kənd təsərrüfatı sahəsində sığorta strategiyası hazırlanmalıdır. Hazırda Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə aqrar sığortanın tətbiqinə dair işlər aparılır. Biz Milli Məclisə kənd təsərrüfatı sığortasına dövlət dəstəyi göstərilməsi haqqında qanun layihəsi hazırlayıb təqdim edəcəyik.
Nazir, eyni zamanda, bildirib ki, son 5 ildə Azərbaycanda önəmli addımlar atılıb və sığorta bazarının genişləndirilməsində önəmli dəyişikliklərə nail olunub. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsi hazırlanıb. İcmalda göstərilib ki, Azərbaycan sığorta bazarı dayanıqlıdır və yaxşı kapitalizasiya edilib.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə forumun əhəmiyyətini yüksək qiymətləndirərək qeyd edib ki, Maliyyə Nazirliyi ilə Azərbaycan Sığortaçılar Assosiasiyası çox böyük işlər görür. “Biz yeni iqtisadi sistem qururuq, bu sistemin də əsas məqsədi ölkədə sığorta nəzarətinin formalaşdırılmasıdır. Bu gün Azərbaycanda sivil dünya təcrübəsinə əsaslanan ölkə qanunvericiliyi bazası yaradılıb ki, o da bütövlükdə sığorta bazarının inkişafı üçün kifayət qədər qanunvericilik əsasları formalaşdırır”, - deyə deputat söyləyib.
Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov sığorta sahəsinə bir çox amillərin təsirindən danışarkən qeyd edib ki, forum bu məsələlərin həlli istiqamətində böyük rol oynayacaq.
Sonra forum işini sessiyalarda davam etdirib.
Sessiyalarda "2015-Qafqaz regionunda yeni tendensiya və reallıqlar", "Yeni biznes sahələri-qeyri-həyat sığortası, həyat sığortası, icbari sığorta", "Qafqaz regionunda sığorta sahəsində investisiya imkanları", "Risklər və sığorta təminatı: əmlak sığortası və onun sığorta bazarında potensialı", "Kənd təsərrüfatı sığortasında dövlət tərəfindən subsidiyalaşdırma və dəstək, regional və beynəlxalq təcrübə", "Mövcud həcmlər və alternativ təkrarsığorta bazarı", "Spesifik risklərin təkrar sığortası (texniki risklər, yanacaq-enerji və s.) dünya təkrarsığorta bazarında cari tendensiyalar və onların Qafqaz regionunda tətbiqi" məsələləri müzakirə olunub.
Forumda 25-dən çox ölkənin 70 şirkətinin 250-dən çox nümayəndəsi iştirak edir. Onlardan 101-i xarici iştirakçılardır, 141-i isə yerli sığorta bazarının - 26 sığorta, 1 təkrar sığorta, eləcə də broker şirkətlərinin nümayəndələridir. Həmçinin foruma beynəlxalq təşkilatların və müxtəlif assosiasiyaların təmsilçiləri də qatılıb.
Forum işini iyulun 3-də davam etdirəcək.