Bakıda V Bankçılıq Forumu başlayıb YENİLƏNİB
AzerTAg.az
Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də Azərbaycan Mərkəzi Bankı (AMB), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə ənənəvi V Beynəlxalq Bankçılıq Forumu öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” adı altında təşkil edilən forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, fintex sahəsindəki imkanların, kibertəhlükəsizlik tədbirləri ilə əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır. İki gün davam edəcək forumda aidiyyəti dövlət qurumları, kommersiya bankları, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutları, həmçinin ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-dək beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edir.
Tədbirdə açılış nitqi ilə çıxış edən Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev bildirib ki, müasir texnologiyaların dinamik inkişafı iqtisadiyyatın bütün sahələrinə öz təsirini göstərməklə fundamental dəyişikliklərə səbəb olub. Pandemiya rəqəmsallaşma trendlərini daha da sürətləndirib. Pandemiya müddətində qlobal miqyasda internet bankçılıq 23 faiz, mobil bankçılıq isə 30 faiz artıb. Azərbaycanda rəqəmsal ekosistemin yaradılmasının ölkədə həyata keçirilən institusional, sosial-iqtisadi yönümlü islahatların ana xəttini təşkil etdiyini deyən A.Quliyev diqqətə çatdırıb ki, hələ pandemiyadan əvvəl 2018-ci ilin sentyabrında dövlətimizin başçısı “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı təsdiqləməklə ölkədə rəqəmsal iqtisadiyyat quruculuğuna öz siyasi dəstəyini nümayiş etdirib. 2020-ci ildə ölkədə icrası uğurla yekunlaşdırılan Proqram çərçivəsində Mərkəzi Bank, aidiyyəti dövlət təşkilatları və bank sektoru ilə birgə rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, rəqəmsal ekosistemin formalaşdırılması və digər istiqamətlər üzrə müxtəlif tədbirlər, ölkəmiqyaslı layihələr reallaşdırılıb.
“Həyata keçirilmiş tədbirlər nəticəsində ölkənin nağdsız ödəniş göstəricilərində yüksək artım tempi müşahidə olunmaqdadır. Cari ilin 10 aylıq göstəricilərinə əsasən, ölkədaxili kart ödənişlərində nağdsız dövriyyənin xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz bəndi artaraq ilk dəfə olaraq 30 faiz həddini keçib. Ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 71 faiz artaraq 8,6 milyard manat olub. Nağdsız ödənişlərin tərkibində böyük paya sahib olan elektron ticarətin həcmi isə ötən ilin analoji dövrü ilə müqayisədə 65 faiz artaraq 5,5 milyard manata çatıb”, - deyə Mərkəzi Bank sədrinin birinci müavini vurğulayıb.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib ki, Azərbaycanın rəqəmsal transformasiya konsepsiyası hazırlanıb. Konsepsiya aidiyyəti dövlət qurumları ilə müzakirə olunub və hazırda hökumətdə baxılmaqdadır. “Eyni zamanda, startap ekosisteminin qurulması üçün qanunvericilik bazası yaradılıb və yaxın günlərdə geniş müzakirəyə təqdim olunacaq. Bütövlükdə ölkə üçün 2022-2026-cı illər üzrə sosial iqtisadi inkişaf strategiyası çərçivəsində hazırlanan innovasiya strategiyası mövcuddur. Bu strategiya əsasında Abşeron Vadisi innovativ klaster dayanır. Onunda əsas hədəflərindən biri maliyyə texnologiyalarının inkişafı, bu sahədə startapların təşviq edilməsidir ki, sonda ölkə, daha sonra isə dünya miqyasında həlləri ortaya çıxara bilək”, - deyə R.Rüstəmov qeyd edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış edərək, yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi istiqamətində Ani Ödənişlər Sisteminin (AÖS) yaradılması üzrə texniki infrastruktur hazırlandığını, sistemin tətbiqi üçün normativ hüquqi baza formalaşdırılması istiqamətində tədbirlər icra edildiyini, ödəniş infrastrukturunun iştirakçıları ilə inteqrasiya istiqamətində mühüm irəliləyişlərə nail olunduğunu və sistem istismara verildiyini deyib. Bildirib ki, ISO20022 standartlarının tətbiqi üzrə layihələrə beynəlxalq ekspertlər cəlb edilib. Bu standartların tətbiqi üzrə bank sektorunda mövcud vəziyyətin qiymətləndirilməsi aparılıb və mərhələli keçid planı hazırlanıb. Bank olmayan ödəniş xidməti təchizatçılarının bazarın aktiv iştirakçısına çevrilməsi və onlar tərəfindən innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsi məqsədilə təbliğat və təşviqat layihələri hazırlanıb, müvafiq istiqamətdə forum və müzakirələr keçirilib, fintex fəaliyyətlərinin təşviqi və kommunikasiyası üzrə assosiasiya yaradılıb. Eyni zamanda, ölkədə ən son maliyyə texnologiyalarının tətbiqi məqsədilə Rəqəmsal Transformasiya Planı hazırlanaraq paylanılmış reyestr texnologiyasına əsaslanan Rəqəmsal İdentifikasiya Sistemi hazırlanıb. Rəqəmsal bankçılığın inkişaf etdirilməsi məqsədilə elektron imza sertifikatlarından bütün növ rəqəmsal bank xidmətlərinin alınmasında və hökumət platformalarında qarşılıqlı istifadənin genişləndirilməsi istiqamətləri müəyyənləşdirilib, elektron imza sertifikatlarından bütün növ rəqəmsal bank xidmətlərinin alınmasında və hökumət platformalarında qarşılıqlı istifadə üzrə texniki imkanlar yaradılıb.
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, innovativ texnologiyaların geniş vüsət alması fonunda ötən bir neçə il ərzində rəqəmsal transformasiya prosesi daha da sürətlənib. COVID-19 pandemiyası isə rəqəmsallaşmanın bizneslərin dayanıqlılığının artırılması və onların rəqabət qabiliyyətinin, eləcə də satış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini əyani şəkildə göstərmiş oldu. Nağdsız ödənişlər kifayət qədər çoxsaylı üstünlüklərə malikdir. Faktiki olaraq, nağd ödənişlərə üstünlük verən ölkələr daha aşağı inkişaf tempinə malik olur və maliyyə sisteminin təqdim etdiyi əksər imkanlardan faydalana bilmir. Əksinə olaraq, rəqəmsal iqtisadiyyata malik ölkələr daha çox uğurlar əldə edir və mütəxəssislərin rəyinə əsasən, rəqəmsal ödənişlərə keçid ÜDM-in illik əsasda 3 faiz bənd qədər artımına gətirib çıxara bilər.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirib ki, 2025-ci ilədək ölkədə ümumi dövriyyədə nağdsız ödənişlərin payı 25 faiz təşkil edəcək. ABA Azərbaycanın bank strukturunda nağdsız infrastrukturun formalaşdırılması üzrə qlobal layihələr reallaşdırır. Yaradılan ekosistem dinamik inkişaf edir və 2018-2020-ci illər üzrə proqramlar uğurla başa çatdırılıb. Hazırda maliyyə sektorunda yeni hüquqi aktlar, texnologiya və innovasiyalar paketləri hazırlanır.
Forumda “Rəqəmsal bank”, “Hər cihazda bankçılıq”, “Platforma bankçılığı və rəqəmsal ekosistem”, “İnnovativ ödəniş ekosistemi”, “Rəqəmsal valyutalar: mərkəzi banklara gedən yol”, “Blokçeyn texnologiyası: maliyyə xidmətlərində tarixi layihələr”, “Təkmilləşən ekommersiya: artan tələb”, “Komplaynsa fokuslanma”, “Distant bankçılıq: təhlükəsiz identifikasiya”, “Yeni normal: yeni kibertəhlükəsizlik trendləri” mövzuları ətrafında müzakirələr aparılıb.
Forum dekabrın 9-da işini davam etdirəcək.









Xəbərin mətnində orfoqrafik səhv var