MƏDƏNİYYƏT


Bakıda V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun açılışı olub

Simpoziumda 20-dən çox ölkənin mütəxəssisləri iştirak edir

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun açılışı olub.

AZƏRTAC xəbər verir ki, bu nüfuzlu tədbir Prezident İlham Əliyevin “V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil edilib.

Əvvəlcə qonaqlar mərkəzin foyesində xalçaçılıq sənətinə həsr edilmiş sərgi ilə tanış olublar.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan xalçasının dünyada təbliğinə böyük təkan verəcək simpozium haqqında ətraflı məlumat verib.

Bildirib ki, bu tədbirin tarixi 30 il əvvəl - 1983-cü ildə Bakıda YUNESKO-nun himayəsi ilə keçirilən Şərq xalçaları üzrə beynəlxalq simpoziuma gedib çıxır. Bundan öncəki simpoziumun YUNESKO-nun baş qərargahında - Parisdə keçirildiyini deyən nazir vurğulayıb ki, qeyd edilən tədbir görkəmli xalçaçı-rəssam Lətif Kərimovun 100 illiyinə həsr edilmişdi. Nazir simpoziumun əhəmiyyətindən, burada müzakirə ediləcək məsələlərin aktuallığından, Azərbaycanda xalça sənətinə göstərilən diqqət və qayğıdan və ölkəmizdə dünyada bərabəri olmayan müasir xalça muzeyinin yaradılmasından söz açıb.

Qeyd edilib ki, V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun keçirilməsi ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə birgə müvafiq tədbirlər planı hazırlanıb. Simpoziumun əsas tərəfdaşları İCOC (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) və 1978-ci ildən nəşr edilən, dünya xalçaçılıq sənətində gedən prosesləri işıqlandıran və geniş oxucu auditoriyasına malik olan “Halı” jurnalıdır.

Xalçaçılıq sahəsində əldə olunan uğurlardan söz açan nazir deyib ki, Azərbaycan xalça sənəti bu gün dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilib. Hazırda Azərbaycan xalça sənətinin beynəlxalq aləmdə təbliği istiqamətində müvafiq fəaliyyət uğurla davam etdirilir. Simpoziumun dünya muzeylərində və dünya tekstil bazarında Azərbaycan xalçasının düzgün atribusiyasına əvəzedilməz töhfə verəcəyini deyən Ə.Qarayev bu önəmli tədbirin işinə elmi-tədqiqat institutlarının və muzeylərin aktiv cəlb edilməsinin vacibliyini vurğulayıb.

Bildirilib ki, simpoziumda 25-dək ölkəni təmsil edən xalça sənəti üzrə aparıcı mütəxəssislər iştirak edir.

Ölkəmizin belə mötəbər tədbirə

ev sahibliyi etməyə mənəvi haqqı var

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan xalça sənətinin öyrənilməsi, tədqiqi, dünyada təbliği istiqamətində aparılan elmi araşdırmalardan bəhs edib.

“Azərbaycan dünyada aparıcı xalçaçılıq mərkəzlərindən biridir. Xalça sənəti AMEA-da bir neçə istiqamətdə öyrənilir və tədqiq edilir. Son illər akademiyanın alimləri tərəfindən bu yöndə mühüm işlər görülərək sanballı elmi əsərlər nəşr edilib. 2016-cı ildə akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə “Azərxalça” ASC-nin birgə səyi nəticəsində xalçaçılıq mərkəzi fəaliyyətə başlayıb. Qısa zaman kəsiyində mərkəz tərəfindən iki sanballı tədqiqat əsəri çap olunub. Bu gün sərgidə nümayiş olunan monoqrafiyalar, elmi kitablar ölkəmizdə xalçaçılıq sənətinin tədqiqinə böyük maraqdan xəbər verir. Bu sahəyə aid kitabları toplasan böyük bir kitabxana yaranar. Bu mənada Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməyə mənəvi haqqı var. İnanıram ki, bugünkü tədbir xalçaçılıq elminin inkişafına yeni töhfələr verəcək, ölkəmizin xalçaçı alimləri ilə dünyanın nüfuzlu tədqiqatçıları arasında yeni körpülər yaradacaq. Simpoziumda ən aktual xalçaçılıq məsələləri müzakirə ediləcək, bu sahədə yeni tədqiqat əsərlərinin hazırlanmasına, elmi araşdırmaların aparılmasına təkan verəcək”.

Azərbaycan xalçası beynəlxalq miqyasda

qəbul olunmuş milli və bəşəri dəyərdir

Tədbirdə “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov bütün iştirakçıları dünyanın qədim və zəngin xalçaçılıq mərkəzlərindən olan Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edib. O, belə bir tədbirin təşkil olunmasına görə, Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya bütün iştirakçılar adından təşəkkürünü bildirib. 

V.Muradov deyib: “Bu simpoziumun keçirilməsi dünya xalçaçılığında müstəsna əhəmiyyətə malik bir hadisədir. Azərbaycan xalçası beynəlxalq miqyasda tanınmış və qəbul olunmuş milli, eyni zamanda, bəşəri dəyərdir. Simpozium Azərbaycan xalçasını və xalçaçısını tanıtdırmağa, yarandığı tarixi xalçaçılıq məntəqələri ilə tanış olmağa imkan yaradır. Tədbir günlərində Azərbaycan xalçasının tarixi keçmişi ilə yanaşı, həm də müasir vəziyyəti, xalçaçılığın iqtisadiyyatın müstəqil sahəsi kimi inkişafının şahidi olacaq, perspektivlərini dəyərləndirmək imkanı qazanacağıq”.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri bildirib ki, Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, ötən ildən başlayaraq burada “Xalçaçı günü” qeyd edilir.

34 ildən sonra tanıdığım bir

çox xalçaçı mütəxəssislərlə bir aradayam

İCOC-un Akademik Komitəsinin sədri Alberto Boralevi deyib ki, simpozium Şərq və Qərbi təmsil edən nüfuzlu alimləri bir araya gətirib. Burada iki gün ərzində bu sahədə baş verən yenilikləri müzakirə etməklə yanaşı, xalçaçılıq sənətinin gələcək inkişafı ilə bağlı müzakirələr də aparılacaq. "1983-cü ildə Bakıda keçirilən xalçaçılıq üzrə beynəlxalq tədbir Sovet İttifaqı dövründə müxtəlif respublikaları təmsil edən Şərq xalça mütəxəssislərinin öz qərbli həmkarları ilə bir araya gələrək görüşməsi üçün ilk fürsətlərdən biri idi. Bu xoşbəxtlik mənə də nəsib olub. Sevinirəm ki, 34 ildən sonra yenidən Bakıdayam və o dövrdən tanıdığım bir çox xalçaçı mütəxəssislərlə bir aradayam”.

Qonaq əlavə edib ki, builki simpozium üçün seçilmiş “Ənənələr və İnnovasiyalar” yarımbaşlığı çox cəlbedicidir və təkcə Azərbaycanda deyil, bütün dünyada əl ilə xalça toxuma sənayesinin mövcud mürəkkəb vəziyyətini əks etdirir. İnanırıq ki, aparılacaq müzakirələr, xalça tarixi və istehsalının müxtəlif cəhətləri barədə diskussiyalar yeni nəsil toxucular üçün çox faydalı olacaq.

Dünyanın 30-dək muzeyində Azərbaycan

xalçaçılıq sənətinin ən qədim nümunələri saxlanılır

Azərbaycanda toxuculuğun tarixindən danışan İCOC İcraiyyə Komitəsinin sədri Vandel Svan xalqımıza məxsus xalça nümunələrinin dünyada böyük maraqla qarşılandığını qeyd edib. Bildirib ki, bu coğrafiyada xalçaçılığın qədim ənənələri Azərbaycan xalqına məxsusdur. 

Sonra İslam İncəsənət Muzeyinin elmi işçisi, “Hali Publication Limitet” şirkətinin direktoru Maykıl Fransis “Qafqaz ulduzları: XVI-XVIII əsrlərdə Azərbaycanın naxışları” adlı kitabı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təqdim edib. Bildirib ki, kitabda erkən Azərbaycan tikmələri, Osmanlı dövrü, Azərbaycanda xanlıqlar və XIX əsr Azərbaycan xalça sənəti haqqında geniş məlumatlar yer alıb. Kitabda 300-dək tikmə nümunələri haqqında məlumatın olduğunu deyən Maykıl Fransis diqqətə çatdırıb ki, hazırda dünyanın 30-dək muzeyində Azərbaycan xalçaçılıq sənətinin ən qədim nümunələri qorunub saxlanılır.

Natiq simpoziumun əsas tərəfdaşlarından olan “Halı” jurnalının yaranma tarixi haqqında geniş məlumat verib.

Simpozium akademik sessiyalarla işini davam etdirib. Mövzusu “Dizayn və rəng”, “Təsviri incəsənətdə və memarlıqda xalça nümunələri” olan sessiyalarda ən aktual məsələlərə toxunulub, müzakirələr aparılıb, mühazirələr dinlənilib və maraq doğuran suallar cavablandırılıb.

Simpozium oktyabrın 21-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.