İQTİSADİYYAT


Bakıda “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilib YENİLƏNİB VİDEO

Bakı, 18 fevral, Ramiz Quliyev, Elvin Camalov, AZƏRTAC

Fevralın 18-də Bakıda Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilib.

AZƏRTAC xəbər verir ki, forumun məqsədi Azərbaycanda həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti, işgüzar dairələrlə açıq dialoqun qurulması olub.

Vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar, həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklər, dövlət-biznes münasibətləri, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri ilə bağlı məsələlərə toxunaraq, ölkəmizin vergi sisteminin perspektiv inkişaf istiqamətləri barədə işgüzar dairələrlə fikir mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

Nazir qeyd edib ki, rəqəmsallaşma vergi inzibatçılığının effektivliyini artırır: “Bu, bizə yeni vergiləri tətbiq etmədən və ya onları artırmadan böyük sayda vergiödəyicilərindən vergi toplamağa imkan verir. İnnovativ texnologiyalar insan, biznes və dövlət arasında olan ənənəvi əlaqə üsullarını dağıdaraq yeni biznes modellər yaradır. Məqsəd vergi öhdəliklərini yerinə yetirməkdə daha məsuliyyətli olmağa kömək etməkdir. Vergi administrasiyası sahibkara yönümlü yanaşma nümayiş etdirməyə hazırdır. Bu kompleks bir fəaliyyətdir, vergiödəyiciləri üçün komfortlu bir mühitin yaradılmasıdır. Bu siyasətin hədəfində hər şeydən öncə vergiödəyicisi və vətəndaş məmnunluğu durur. Sahibkar vergi orqanı ilə təmas perspektivindən qorxmamalıdır”.

2019-cu ildə keyfiyyətli vergi auditi institutunun inkişafı istiqamətində tədbirlər görüləcəyini bildirən M.Cabbarov yoxlamaların sayının azaldığını və bu yoxlamaların risklərin idarə edilməsi sistemi əsasında müəyyən edilməsinə yönələn yanaşma tətbiq olunduğunu vurğulayıb: “Bu gün sahibkarların vergi orqanları tərəfindən yoxlamaya məruz qalma səviyyəsi cüzidir. 2018-ci ildə aktiv fəaliyyət göstərən hər 1000 ödəyicidən yalnız dördündə səyyar vergi yoxlaması aparılıb. Bu, 0,4 faiz göstərici deməkdir. Kiçik sahibkarlıq subyektləri isə demək olar ki, yoxlamaya məruz qalmır”.

Nazir əlavə edib ki, ötən il vergi sisteminin iqtisadi tənzimləmədə rolu əhəmiyyətli şəkildə artıb. Onun sözlərinə görə, vergilər artıq, sadəcə, bir fiskal siyasət aləti deyildir, o, iqtisadiyyatın inkişafını, biznesin idarə edilməsi şərtlərini müəyyən edən əsas iqtisadi idarəetmə vasitəsi olub. Vergi sistemində başlanan yeni islahatlar, vergiödəyiciləri ilə aydın və şəffaf münasibətlərin qurulması istiqamətində sərgilənən yeni yanaşmalar işgüzar mühitdə böyük gözləntilər yaradıb. Bu gözləntilər ötən il ərzində sahibkarlarla, onların ictimai birlikləri, assosiasiyalar və ekspert cəmiyyəti ilə keçirilən çoxsaylı görüşlərdə aşkar hiss edilib.

M.Cabbarov şəffaf münasibətlər sisteminin qurulmasına da toxunub. Bildirib ki, 2018-ci il vergi sahəsində dövlət-biznes münasibətlərində keçid dövrü kimi qəbul olunub. Vergi orqanlarının strukturu yenidən qurulub, kadr heyətində əsaslı dəyişikliklər aparılıb. Vergi orqanlarında əvvəllər mövcud olan bəzi neqativ praktikalar aradan qaldırılıb. Vergiödəyicilərinin rastlaşdığı problemlərin operativ həlli üçün apellyasiya sistemi yenidən qurulub və bu proses indi də davam edir.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “kölgə iqtisadiyyatı” və bu problemlə bağlı fikirlərini bölüşüb. Sözügedən problemin tam aradan qaldırmağın çətin olduğunu söyləyən komitə sədri “kölgə iqtisadiyyatı”nın dünyanın əksər ölkələrində hökm sürdüyünü dilə gətirib.

Nəzərə çatdırıb ki, son bir ildə vergi və gömrük sistemində aparılan islahatlar nəticəsində bu sahədəki problemlər də tədricən azalmağa başlayıb. İslahatlar “kölgə iqtisadiyyatı”nda olan dövriyyənin həcminin azalmasında da özünü göstərir: “Azərbaycanda əmək ehtiyatları sürətlə artır. Bu artım özü zəruri edir ki, Azərbaycanın iqtisadi strategiyasında məşğulluq amili ön plana çəkilsin. Amma məşğulluq amilini hesablayanda görürük ki, ölkəmizdə cəmi 1,6 milyon muzdlu sistemdə çalışan əmək qabiliyyətli insan var. Bu rəqəmin getdikcə artırılması bizim qarşımızda duran ən mühüm vəzifələrdəndir. Biz bank və sığorta sistemini də, məşğulluq sistemini də yaxşılaşdırmalıyıq”.

İqtisadiyyat naziri Şahin Mustafayev isə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində sahibkarların biznesin istənilən sahəsi və növü ilə məşğul ola bildiyini, bunun üçün ölkəmizdə hər cür şəraitin olduğunu söyləyib.

Nazir dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, sahibkarlıq subyektlərində yoxlamaların, vergi yoxlamaları istisna olmaqla 2020-ci ilədək dayandırıldığını diqqətə çatdırıb: “Lisenziyalaşan fəaliyyət növlərinin və icazələrin sayı azaldılıb, prosedurlar sadələşdirilib, rüsumlar əhəmiyyətli dərəcədə aşağı salınıb. Bununla yanaşı, vergi, gömrük və sosial ödənişlər sistemində köklü və uğurlu islahatlara başlanılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2018-ci ildə özəl bölmənin ümumi daxili məhsuldakı payı 84 faizə, məşğulluqdakı payı isə 76 faizə çatıb”.

Ş.Mustafayev vergi sistemində həyata keçirilən köklü islahatlardan danışaraq bildirib ki, vergi siyasəti iqtisadiyyatın daim dəyişən və yeniləşən tələblərinə, davamlı və sürətli inkişafına adekvat olaraq təkmilləşdirilir: “Son bir ildə vergi inzibatçılığı sahəsində ciddi və əsaslı islahatlar aparılıb. Vergi yükünün səmərəli tənzimlənməsi sahəsində əhəmiyyətli işlər görülüb. Vergi qanunvericiliyini təkmilləşdirməklə vergitutma optimallaşdırılıb, dövlət vergi orqanlarının fəaliyyəti daha da müasirləşdirilib, vergiödəyiciləri ilə mütərəqqi işgüzar münasibətlər formalaşdırılıb, kadr potensialı və maddi-texniki təminat gücləndirilib”.

İqtisadiyyat naziri 2016-cı ildən tətbiq olunan investisiya təşviqi mexanizminin qeyri-neft sektorunda özəl investisiyaların artımına ciddi töhfə verdiyini bildirib: “İndiyədək investisiya təşviqi sənədi verilmiş 345 layihəyə 3 milyard manatadək investisiya qoyuluşu və 22 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı isə nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılmasına imkan verib. Nazir qeyd edib ki, “DOST” layihəsi dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdıracaq. Cari ilin birinci rübündə ilk “DOST” mərkəzi yaradılacaq. İl ərzində Bakıda 4 və 2019-2025-ci illərdə respublika üzrə isə 31 belə mərkəz açılacaq.

S.Babayev çıxışında vətəndaşların pensiya təminatına toxunub. Qeyd edib ki, vətəndaşlar bürokratik əngəllərdən uzaq tutularaq onların məmnunluğunu üçün pensiya təyinatı təmin edilir. Vətəndaşların müraciəti gözlənilmədən artıq 3 min 600 nəfərə pensiya təyin olunub.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, vergi, gömrük sahəsində sahibkarları maraqlandıran bir çox məsələlərlə - şəffaflığın təmin olunması, uçotun aparılması, elektron idarəetmə sistemlərinin təkmilləşdirilməsi ilə bağlı çoxsaylı müzakirələr aparılıb: “İlk növbədə, uçotun təşkili ilə bağlı ötən il çox ciddi layihələr həyata keçirdik. Prezidentin bu sahədə vermiş olduğu Sərəncama uyğun olaraq, sahibkarlarımıza münbit şəraitin yaradılması ilə yanaşı, uçotun qurulması və elektron uçot sisteminin onlayn şəkildə Vergilər Nazirliyi və Gömrük Komitəsi arasında inteqrasiyasına nail olduq. Nəticədə ticarət dövriyyəsinin artımına nail olmaqla yanaşı, uçot sisteminin qurulması ilə “kölgə iqtisadiyyatı”na ən böyük zərbəni vurduq. Malların və nəqliyyat vasitələrinin düzgün qiymətləndirilməsi və idarə edilməsi, “kölgə iqtisadiyyatı” ilə bağlı köklü islahatlar nəticəsində 1 milyard manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub. Bütün bu uğurların kökündə şəffaflıq dayanır”.

Komitə sədri qeyd edib ki, fevralın 1-dən tətbiqinə başlanılan “Yaşıl dəhliz” buraxılış sistemindən bu vaxta qədər 100-dən çox şirkət istifadə hüququna sahib olub. Bu sistemin tətbiqi məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi, şəffaflığın təmin olunması istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər.

Auditorlar Palatasının sədri Vahid Novruzov isə bildirib ki, son dövrlərdə Vergilər Nazirliyinin apardığı siyasət Prezident İlham Əliyevin iqtisadi islahatlar strategiyasının bütün çalarlarını özündə dolğun şəkildə əks etdirir və nəzarət tədbirlərinin çoxluğu əvəzinə onların keyfiyyətin yüksəldilməsi meyarı öz təsdiqini tapmaqdadır. Bütün bunlar iş adamlarının, vergiödəyicilərinin və ümumilikdə cəmiyyətin müsbət rəyinin formalaşmasına gətirib çıxarıb.

V.Novruzov, həmçinin vurğulayıb ki, Auditorlar Palatasında Azərbaycanda “kölgə iqtisadiyyatı”nın azaldılmasına dair Yol Xəritəsinin hazırlanmasına başlanılıb. Bu sahədə qabaqcıl xarici təcrübədən bəhrələnmək və ölkəmizdə həyata keçirilən mühüm tədbirlərin təşviqini təmin etmək məqsədilə bu ilin sentyabr ayında Vergilər Nazirliyi və Azərbaycan İqtisadçılar İttifaqı ilə birgə “Kölgə iqtisadiyyatına qarşı mübarizə iqtisadi inkişafın mühüm amili” mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulur.

Bir sıra təkliflər edən V.Novruzovun sözlərinə görə, müasir təfəkkürlü vergiödəyicilərini formalaşdırmaq əsas məqsədlərdən biridir. Bu istiqamətdə ilboyu mütəmadi məsləhət və tədris xidmətlərinin aparılması, KİV-lərdən sistemli şəkildə istifadə vacibdir.

V.Novruzov deyib ki, dialoq mühitinin daha da şəffaflaşdırılması və asanlaşdırılması məsələsi vergi əməkdaşları və audit barədə informasiyaların birbaşa sahibkarlardan daxil olması mühüm əhəmiyyət kəsb edir ki, bu sahədə də konsepsiya hazırlanmalı, prosedurlar olmalıdır, hər müraciət edən sahibkarın məxfiliyi qorunsun, istəkləri müvafiq qurumlara təqdim edilsin: “Mən rəqəmsal iqtisadiyyatın və sosial auditin imkanlarından, onun mahiyyəti və çevikliyi baxımından istifadə edilməsinin tərəfdarıyam. İstəyirəm ki, reallaşdırılmağa başlanılan vergiödəyicilərinin şəxsi kabineti sistemi öz real həllini tapsın. Vergilər Nazirliyi və Auditorlar Palatasının müvafiq şuralarında nümayəndələrin qarşılıqlı təmsilçiliyi təmin edilsin. Bu mövcud problemlərin həllində operativliyin təminatı baxımından mühüm əhəmiyyət kəsb edir”.

Forumda məruzə edən Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) baş katibi Miqel Silva Pinto Azərbaycanda vergi və gömrük sahəsində həyata keçirilən islahatların çox mütərəqqi olduğunu vurğulayıb. Baş katib bildirib ki, təmsil etdiyi qurum Azərbaycanın Vergilər Nazirliyi ilə 2002-ci ildən əməkdaşlıq edir: “Bu əməkdaşlıq əsasən mövcud praktiki məsələlər, o cümlədən vergidən yayınma kimi aktual problemləri əhatə edir”.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, dövlət qurumları, beynəlxalq təşkilatlar, ictimai birliklər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və iş adamları iştirak edib. Çıxış edənlər ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, dövlət başçısı tərəfindən bu istiqamətdə atılan addımları dəstəklədiklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.