İDMAN
Bakıda Vüqar Həşimovun xatirəsinə beynəlxalq şahmat turniri davam edir
Bakı, 28 iyul, AZƏRTAC
Bakıda Azərbaycanın məşhur şahmatçısı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri davam edir.
AZƏRTAC xəbər verir ki, Vüqar Həşimov Akademiyasında keçirilən yarışda 8-10-12 yaşadək uşaqlar birincilik uğrunda mübarizə aparırlar. Bu gün turnirin beşinci turunun görüşləri keçirilir.
Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 74 şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Avqustun 1-dək davam edəcək mübarizəyə Azərbaycan, dünya və Avropa birinciliklərinin mükafatçıları, beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar qoşulublar.
Beynəlxalq turnirin reytinq favoriti Azərbaycan şahmatçısı Xəzər Babazadədir, baş hakimi isə beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadədir.