İQTİSADİYYAT


“Xəzər İnşaat Həftəsi” öz işinə başlayıb

Bakı, 18 oktyabr, Ramiz Quliyev, AZƏRTAC 

Oktyabrın 18-də Bakı Ekspo Mərkəzində “Xəzər İnşaat Həftəsi” öz işinə başlayıb. Regionda iştirakçıların sayına görə qeyri-neft sektorunun ən böyük sərgi tədbiri olan “Xəzər İnşaat Həftəsi” çərçivəsində üç sərgi - Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku”, X Yubiley Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku 2017” və X Yubiley Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri “SECURIKA CASPIAN 2017” sərgiləri fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, “Xəzər İnşaat Həftəsi”nin açılış mərasimində çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi, həmçinin inşaat strategiyasının mühüm istiqamətləri Azərbaycan xalqının rifah halının yüksəldilməsinə yönəlib. Bu istiqamətdə aparılan mütərəqqi islahatlar və sistemli tədbirlər gözəl nəticələr verir.

Nazir müavini vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, rəqabət qabiliyyətinin artırılması, əhalinin məşğulluğunun təmin olunması və sahibkarlığın inkişafı bu gün möhtəşəm Bakı Ekspo Mərkəzində öz nəticələrini verir. Nəzərə çatdırılıb ki, ölkə rəhbərinin təşəbbüsü ilə həyata keçirilən strateji və böyük infrastruktur layihələri, quruculuq və abadlıq işləri, son illər daha böyük vüsət alıb. Eyni zamanda, respublikada güclü tikinti materiallarının istehsalı sənayesi yaradılıb. Tikinti materialları sənayesinin inkişaf etdirilməsi sayəsində respublikamız bir çox inşaat materialları üzrə öz tələbatını ödəyir. Belə ki, son illər bir çox innovativ, yüksək texnologiyalara əsaslanan müasir istehsal sahələri yaradılıb, rəqabətqabiliyyətli məhsullar istehsal olunub, bu sahədə məşğulluq təmin edilib.

N.Səfərov vurğulayıb ki, “WorldBuild Baku” sərgisi sayəsində yerli şirkətlərlə işgüzar əməkdaşlıq qurmaq istəyən xarici investor və istehsalçıların Azərbaycana marağı artır.

Azərbaycan Respublikası Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktor müavini Sadiq Sadıqov sərgi iştirakçılarının coğrafiyasının ildən -ilə genişləndiyini qeyd edib.

Onun sözlərinə görə, iqtisadiyyatın inkişafında tikinti sektoru mühüm rol oynayır və dövlət bu sahəyə daim diqqət göstərir.

Hazırda tikinti sektorunda 100 min nəfərin çalışdığını söyləyən S.Sadıqov bildirib ki, yalnız 2016-cı ildə 15 min mənzil və 12 min fərdi yaşayış evi tikilərək istifadəyə verilib.

Direktor müavini deyib ki, sərginin keçirilməsi bu nailiyyətləri müvəffəqiyyətlə əks etdirir və agentlik “WorldBuild Baku” sərgisinin təşkilatçıları ilə sıx əməkdaşlıq etməyə başlayıb. Bu ildən etibarən isə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “WorldBuild Baku 2017” sərgisini rəsmi olaraq dəstəkləyir.

Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib ki, sərgi iştirakçılarının sayının ilbəil artması, həmçinin Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara olan marağın göstəricisidir.

Rəis müavini bildirib ki, 2000-ci illərdə respublikamızda, o cümlədən paytaxtdakı inşaat bumu inşaat sektorunda bir çox tikinti şirkətlərinin formalaşmasına, böyük təcrübə qazanmasına səbəb olub. Təsadüfi deyil ki, yol, eləcə də, xüsusi qurğuların və mülki binaların tikintisi sayəsində fəaliyyət göstərən bir sıra şirkətlərimiz bu gün Rusiyada, Qazaxıstanda, Avropa, Asiya və Afrika ölkələrində mühüm tikinti işləri görürlər.

Qeyd olunub ki, sərgi qeyri-neft sənayesində ölkə iqtisadiyyatına müsbət təsir göstərən tikinti sənayesinin mötəbər nüfuzunu formalaşdırır.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə deyib ki, istənilən ölkənin inkişafını tikinti təşkil edir. İnşaat isə ilk növbədə memarlıqdan başlayır. Bu baxımdan inşaat sektorunu yaşadıb inkişaf etdirmək lazımdır.

“ITE Group Plc” şirkətinin regional direktoru Edvard Stroon bu il “Xəzər İnşaat Həftəsi”ndə dünyanın 28 ölkəsindən 310 şirkətin iştirak etdiyini diqqətə çatdırıb.

O, göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) öz təşəkkürünü bildirib.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku” sərgisinin iştirakçılarının 30 faizini yeni şirkətlər təşkil edir. Bura inşaat sahəsində fəaliyyət göstərən istehsalçı, distribüter və şirkətlər daxildir. “Made in Azerbaijan” brendi altında istehsal olunan yerli məhsullar xarici eksponentlər üçün ciddi rəqabət təşkil edir. Ənənəvi olaraq, Almaniya, BƏƏ, İran öz milli pavilyonlarını təqdim edir, həmçinin milli stendi ilə Polşada çıxış edir. Türkiyə, Çin, Rusiya və Çexiya istehsalçıları tədbirdə geniş tərkibdə təmsil olunur.

Sərgi oktyabrın 21-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.