ELM VƏ TƏHSİL
Bakıda “Xalqları qovuşduran Xəyyam sözü” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində XII əsrin böyük mütəfəkkiri Ömər Xəyyamın anadan olmasının 970 illiyinə həsr olunan “Xalqları qovuşduran Xəyyam sözü” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransda muzeyin direktoru, akademik Rafael Hüseynov “Dünyanın Xəyyamı, Xəyyamın dünyası” mövzusunda məruzə ilə çıxış edib.
Görkəmli mütəfəkkir Ömər Xəyyamın həyat və yaradıcılığından danışan Rafael Hüseynov onun yalnız Yaxın və Orta Şərqin deyil, dünya elmi və ədəbiyyatının zirvələrindən biri kimi tanındığını diqqətə çatdırıb. Akademik bildirib ki, Xəyyam dövrünün görkəmli astronomu və riyaziyyatçısı olmaqla bu elm sahələrində mühüm kəşflər və ixtiralar edib. Eyni zamanda, fəlsəfi traktatları və müdrikliklə dolu rübailəri də onu həm fəlsəfi fikir, həm də ədəbiyyat tarixinin müstəsna simalarından birinə çevirib.
Vurğulanıb ki, bu gün Ömər Xəyyam müsəlman Şərqinin dünyada ən çox tanınan, oxunan, nəşr və tərcümə edilən klassikləri sırasında öndədir.
Beynəlxalq elmi konfransda filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva “Xəyyam və Nəsiminin xəyal kəsişməsi”, təbrizli professor Mohamməd Amin Sultan Ol-Qurrai “Rubaiyyati-Ömər Xəyyam” mövzularında məruzələr ediblər.
Sonra digər mövzularda məruzələr dinlənilib, bölmə iclasları olub.
Konfrans noyabrın 16-da başa çatacaq.