İQTİSADİYYAT
Bakıda Xəzər və Mərkəzi Asiyanın neft emalı və neft-kimyasına dair konfrans keçirilir

Bakı, 25 aprel, AZƏRTAC
“Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu çərçivəsində Bakıda “Xəzərin və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası - layihələrin həyata keçirilməsi və texniki həllər” adlı konfrans keçirilir.
Bakı Ali Neft Məktəbindən (BANM) AZƏRTAC-a bildirilib ki, BANM və Böyük Britaniyanın “Confidence Capital” şirkətinin təşkilatçılığı ilə keçirilən və ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunan SOCAR-ın “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” adlı üçüncü Beynəlxalq Forumu artıq 3 gündür ki davam edir. Forumun 4 günlük proqramına əsasən aprelin 25-də “Xəzərin və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası - layihələrin həyata keçirilməsi və texniki həllər” adlı konfrans keçirilir.
Konfransda çıxış edəcək məruzəçilərə və iştirakçılara uğurlar arzu edən BANM-in rektoru Elmar Qasımov Bakı Ali Neft Məktəbinin SOCAR-ın III Beynəlxalq Forumuna və onun çərçivəsində keçirilən beynəlxalq konfransa ev sahibliyi etməsindən böyük sevinc hissi keçirdiyini qeyd edib.
Dörd sessiyadan ibarət olan konfransın ilk sessiyası “Azərbaycanın köhnə neft-kimya müəssisələrinin modernizasiyası ilə bağlı nəticələrin təhlili və yeni müəssisələrin işə salınması” haqqında məruzələrə həsr olunub. Bu sessiyada 3 məruzəçi - “SOCAR Karbamid” zavodunun direktoru Xəyal Cəfərov, “Azərikimya” İstehsalat Birliyinin investisiya və inkişaf üzrə icraçı direktorunun müavini Orxan Cəfərov və “SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev çıxış ediblər.
“Xəzər bölgəsi ölkələrin neft-kimya istehsalı və neft emal zavodlarının texniki durumu və məhsulları”na həsr olunan ikinci sessiya və “Neft və qaz emalı sahəsində ən yeni texnologiyalar” adlı üçüncü sessiyanın hər birində isə 3 məruzəçinin çıxışı nəzərdə tutulub.
Konfransın dördüncü sessiyası isə 4 əcnəbi qonağın “Neft emalı zavodlarında yeni informasiya texnologiyalarının tətbiq olunması: İdarə olunmasının effektivliyinin artırılması” mövzusunu əhatə edəcək məruzələrindən ibarət olacaq.
SOCAR-ın III Beynəlxalq Forumu çərçivəsində həyata keçirilən “Xəzərin və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası - layihələrin həyata keçirilməsi və texniki həllər” adlı konfransda müxtəlif ölkələrdən 250-dən çox menecer və ekspert iştirak edir.
Forumun rəsmi hissəsinə bu gün bağlanış mərasimi ilə yekun vurulacaq. Forumun sonuncu günü - aprelin 26-da isə iştirakçılar üçün Heydər Əliyev adına Neft Emalı Zavodu və Sumqayıt neft-kimya kompleksinə texniki səfər təşkil olunacaq.