İQTİSADİYYAT
Bakıda “Xruşşovka”ların yerində müasir 20-30 mərtəbəli binalar tikiləcək VİDEO
Bakı, 15 mart, AZƏRTAC
Paytaxtın 1-ci mikrorayon ərazisində “Xruşşovka” tipli binalar söküləcək, yerində müasir 20-30 mərtəbəli binalar inşa ediləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov martın 15-də keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin ərazidə ilk növbədə tikinti işlərinin aparılması üçün yerlər boşaldılacaq və müasir infrastruktur yaradılacaq. E.Əsədov bildirib ki, ümumilikdə 1-ci mikrorayon ərazisindən 1729 ailənin köçürülməsi planlaşdırılır. Köçürülən sakinlərə müvəqqəti qalmaq üçün müvafiq kompensasiya ödəniləcək.
Eyni zamanda vurğulanıb ki, "Xruşşovka"lardan köçürülən sakinlərə yeni binalarda ümumi sahəsi ən azı 10 faiz artıq sahə veriləcək.
Rəis müavini qeyd edib ki, söküləcək binaların altında yerləşən kommersiya məqsədli obyektlərə də kompensasiya ödəniləcək.
“Xruşşovka”lar söküləndən sonra həmin yerdə müasir infrastruktur yaradılacaq, boş sahələrdə park salınacaq və yaşıllıq sahəsi artırılacaq. Həmin ərazilərdə sosial obyektlərin ya yenidən qurulması, ya da sökülərək yenisinin tikilməsi nəzərdə tutulub.
Binaların tikintisi ilə bağlı layihələr FHN-nin dövlət layihə institutları tərəfindən hazırlanacaq və açıq tenderə çıxarılacaq.
E.Əsədov bildirib ki, istənilən şirkət bu tenderlərdə iştirak edə bilər. Bundan başqa, tikinti şirkətlərinə bir çox güzəştlər nəzərdə tutulub. Layihə işlərinə bu il başlanılacaq, tikinti işlərinin 3 il ərzində başa çatdırılması planlaşdırılır.