MƏDƏNİYYƏT


Bakıda Yaponiya filmləri festivalının açılışı olub

Bakı, 27 yanvar, AZƏRTAC

Yanvarın 27-də Bakıda Yaponiya filmləri festivalının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Ləndmark” biznes-mərkəzində gerçəkləşəcək festival Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

Açılışda Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi çıxış edərək ölkələrimiz arasındakı siyasi, iqtisadi və mədəni sahədəki əlaqələrdən danışıb. Bildirib ki, belə tədbirlər mövcud əlaqələrin daha da möhkəmlənməsinə təkan verir.

Diplomat deyib ki, səfirlik tərəfindən hər il ənənəvi olaraq Bakıda Yaponiya filmləri festivalı təşkil olunur. İnanırıq ki, ötən illərdə olduğu kimi bu dəfə də kinosevərlər yanvarın 29-dək davam edəcək festivaldan zövq alacaqlar. Festival Azərbaycan xalqına Yaponiya mədəniyyəti və yaponların düşünmə tərzini daha dərindən tanıtmaq üçün gözəl fürsət yaradacaq və iki millət arasında daha yaxşı qarşılıqlı anlaşmanın qurulmasını təmin edəcəkdir.

Bildirilib ki, festival çərçivəsində 5 yapon filmi - “Məktub”, “Pekorosun anası ilə görüş”, “Kaitan şəhərinin əhvalatları”, “Sən yaxşı uşaqsan” və “Çevrəmizdəkilər” nümayiş olunacaq. Filmlər hər gün 3 seans olmaqla təqdim ediləcək. Bu gün nümayiş olunacaq ekran əsərindən başqa, digər filmləri kinosevərlər Azərbaycan dilində subtitrlər vasitəsilə izləyə biləcəklər.

Sonra “Sən yaxşı uşaqsan” filmi təqdim olunub. Tamaşaçılar yapon dilində səslənən bu ekran əsərini ingilis dilində subtitrlər vasitəsilə izləyiblər.

Filmin süjet xətti insanları birliyə, yaxınlığa, dostluğa səsləyən bəşəri ideyalar əsasında qurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.