CƏMİYYƏT
Bakıda “Yaşıl dağ” aksiyası keçirilib VİDEO
Bakı, 14 may, AZƏRTAC
Mayın 14-də 5 saylı Bakı “ASAN xidmət” mərkəzində IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə kağız tullantıların toplanmasına həsr olunan “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində növbəti “Yaşıl dağ” sosial aksiyası keçirilib.
Tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, təhsil nazirinin müavini Firudin Qurbanov, IDEA İctimai Birliyinin nümayəndəsi Fərid Cəfərov, “Azərsun Holdinq”in idarə heyətinin sədri Abdulbari Gözəl və digərləri çıxış ediblər.
İnam Kərimov bildirib ki, “Yaşıl dağ” sosial aksiyası indiyədək Sumqayıt, Sabirabad və Bərdə şəhərlərində keçirilib və ictimaiyyətin marağına səbəb olub. Layihə ətraf mühitin çirklənməsinin qarşısını almağa və tullantıların düzgün idarə olunmasının təşviq edilməsinə hədəflənib. Aksiya çərçivəsində bu günədək 250 tona yaxın kağız tullantısı yığılıb ki, bu da 4250 şam ağacının təbiətə qaytarılması deməkdir. Tədbir Azərbaycan dövlətinin ekologiyanın qorunması ilə bağlı gördüyü işlərin tərkib hissəsidir.
IDEA İctimai Birliyinin nümayəndəsi Fərid Cəfərov qeyd edib ki, təşkilat tərəfindən son beş il ərzində beş milyondan çox ağac əkilib.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib ki, dünya əhalisinin sayının durmadan artdığı bir vaxtda ekologiyanın qorunması vacibdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da ekoloji mühitin yaxşıldırılmasına, meşələrin bərpa edilməsinə ciddi ehtiyac var. Azərbaycan dövləti öz ekologiyasını qorumaq üçün səy göstərir. Son vaxtlar ölkədə bu tədbirlər çərçivəsində dörd min hektardan artıq damcılı suvarma vasitəsilə meşə zolağı salınıb. Nə qədər kağız toplansa, yaşıllıqların məhv olmasının qarşısı bir o qədər alınar.
Təhsil nazirinin müavini Firudin Qurbanov, “Azərsun Holdinq”in idarə heyətinin sədri Abdulbari Gözəl sosial aksiyanın əhəmiyyətindən danışıblar. Bildirilib ki, son dövrlərdə dünya ekologiyasında mənfi proseslər gedir. Bunun qarşısını almaq üçün Azərbaycanda əhəmiyyətli tədbirlər görülür. Bu gün Azərbaycanda ekoloji mühitin yaxşılaşdırılması prioritet məsələlərdən birinə çevrilib.
Aksiyanın keçirilməsində əsas məqsəd ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.
Ətraf mühitin mühafizəsi naminə keçirilən “Yaşıl dağ” aksiyasında dövlət qurumlarının, özəl sektorun, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir Bakı məktəblilərinin ekologiyanın qorunması ilə bağlı hazırladıqları səhnəciklərlə davam edib.
Aksiyada fəal iştirak edən vətəndaşlara 600-ə yaxın şam ağacı paylanılıb.