ELM VƏ TƏHSİL


Bakıda “Yer elmləri: yeni yanaşmalar və nailiyyətlər” IV beynəlxalq konfransı işə başlamışdır

Bakı, 5 oktyabr (AZƏRTAC). Oktyabrın 5-də “Ramada” hotelində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Gənc Alimlər Şurası tərəfindən keçirilən “Yer elmləri: yeni yanaşmalar və nailiyyətlər” IV beynəlxalq konfransı işə başlamışdır.

AZƏRTAC xəbər verir ki, gənc alim və tələbələr üçün təşkil edilmiş konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və “bp” şirkətinin dəstəyi ilə keçirilir.

İnstitutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Akif Əlizadə tədbiri açaraq bildirmişdir ki, bu mühüm beynəlxalq toplantı əlamətdar bir vaxta təsadüf edir. Oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20 ili tamam olur. Ötən illər ərzində Azərbaycan bütün sahələrdə, eləcə də elm sahəsində böyük tərəqqi yolu keçmişdir.

Rəhbərlik etdiyi institutun elmi uğurlarından danışan alim gənc tədqiqatçılarımızın öz qüvvələrini Azərbaycanın inkişafı naminə sərf edəcəklərinə əminliyini bildirərək vurğulamışdır ki, dünya ölkələrinin aparıcı elmi-tədqiqat müəssisələri Yer elmləri sahəsində əhəmiyyətli nailiyyətlər qazanmışdır. Ancaq hazırda texnologiyaların inkişaf etdiyi və qloballaşma dövründə elmi tədqiqatlara yenidən baxılmalıdır. Odur ki, müxtəlif ölkələrin gənc tədqiqatçılarının iştirak etdikləri bugünkü tədbir təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət daşıyır.

Akademik A.Əlizadə konfransın işinə uğurlar arzulamış və Rusiyanın məşhur alimi, Moskva Dövlət Universitetinin professoru Nikolay Koronovskinin “Yer planeti: dünən, bu gün, sabah” mövzusunda məruzə edəcəyini diqqətə çatdırmışdır.

İnstitutun Gənc Alimlər Şurasının sədri Qulam Babayev və başqaları hər il keçirilən konfransın əhəmiyyətindən bəhs etmişlər.

Tədbir iştirakçıları Azərbaycanın gənc alimi Nərminə Hüseynovanın “Cənubi Xəzər hövzəsinin dəniz hissəsindəki alt pliosen məhsuldar qat rezervuarlarının xarakteristikası və çöküntütoplama şəraitinin proqnozu” adlı məruzəsini maraqla dinləmişlər.

Konfransda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Almaniya və İranın gənc alimləri Yer elmlərinin müxtəlif istiqamətlərində apardıqları tədqiqatlara dair məruzələrlə çıxış etmişlər.

Sonra məruzələrlə bağlı müzakirələr aparılmışdır.

Tədbir oktyabrın 6-da müxtəlif bölmələr üzrə davam etdiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.