İQTİSADİYYAT
Bakıda “Yol təhlükəsizliyi” mövzusunda regional seminar işə başlayıb
Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) ilə birgə “Yol təhlükəsizliyi” mövzusunda regional seminar keçirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir müvafiq sahədə fəaliyyət göstərən təşkilat və qurumların nümayəndələri arasında təcrübə mübadiləsi və müzakirələrin aparılması, yol təhlükəsizliyi üzrə müsbət nailiyyətlər və beynəlxalq təcrübə, xüsusən də Asiya və Sakit okean regionunda müəyyən edilmiş proqramlarla tanışlıq məqsədilə təşkil olunub. Oktyabrın 4-dək davam edəcək seminara region ölkələrinin, UNESCAP katibliyinin, eləcə də ABŞ və Koreyanın ekspertləri qatılıb.
Tədbirdə UNESCAP-ın nümayəndəsi İştiaqu Əhməd çıxış edərək yol təhlükəsizliyi barədə ətraflı məlumat verib, müvafiq statistik göstəriciləri diqqətə çatdırıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Şahin İsmayılov çıxışında Azərbaycanda yol təhlükəsizliyi məsələlərinə xüsusi önəm verildiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib. Sözügedən Dövlət Proqramının əsas məqsədi yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görməkdir.
Seminar iştirakçıların yol təhlükəsizliyinə dair təqdimatları və müzakirələrlə davam edir.