CƏMİYYƏT


Bakıda “Youthvision-2018” beynəlxalq mahnı müsabiqəsi keçirilib YENİLƏNİB

Bakı, 25 may, Həsrət Mahmudova, AZƏRTAC

Mayın 25-də Bakıda “Youthvision 2018” beynəlxalq mahnı müsabiqəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “Youthvision 2018” beynəlxalq mahnı müsabiqəsinin əsas məqsədi yaradıcı və istedadlı tələbələrin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Müsabiqədə 14-35 yaşarası gənclər iştirak edib.

Açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, bu müsabiqədə həm Azərbaycanın, həm də ölkəmizə qonaq gələn müxtəlif ölkələrin gəncləri öz istedadlarını nümayiş etdirirlər. Layihə çərçivəsində çoxlu sayda yaradıcı gənc milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq gözəl dostluq ailəsi formalaşdırır. Ölkəmizdə Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə dünya ölkələrindən gənclərin respublikamıza gəlməsi və beynəlxalq tədbirdə iştirak etmələri sevindirici haldır. Bu, eyni zamanda, ölkəmizin qədim dövlətçilik tarixinin onlara təbliği baxımından da yaxşı imkanlar açır.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov ölkəmizin mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsindən danışıb, belə tədbirlərin dünya gənclərini bir araya gətirdiyini, onlar arasında əlaqələrin qurulmasında mühüm rol oynadığını deyib.

Sonra Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş videoçarx göstərilib.

Mayın 21-dən start götürən müsabiqədə Azərbaycan, Latviya, Xorvatiya, Ruminiya, Pakistan, Moldova, Türkiyə, Gürcüstan, Özbəkistan, Böyük Britaniya, Almaniya, Tacikistan, Qazaxıstan, Uqanda, Ukrayna, Belarus, Macarıstan, Qırğızıstan, Litva, Serbiya, İtaliya, İran, Rusiya və İsrail dövlətlərinin ifaçı və münsiflərindən ibarət 60-a yaxın gənc iştirak edib. Xorvatiya, Almaniya, Latviya, Litva, Pakistan, Ruminiya, Türkiyə və Uqanda “Youthvision” mahnı müsabiqəsində ilk dəfədir iştirak edir.

Sonra çıxışlar olub, səsvermə yolu ilə qaliblər seçilib. Birinci yeri Uqanda, ikinci yeri Moldova, üçüncü yeri isə Belarus təmsilçiləri tutublar. Müsabiqə qaliblərinə mükafatlar təqdim olunub.

Müsabiqə çərçivəsində qaraciyər serrozundan əziyyət çəkən Beyləqan rayon sakini Tural Hacıyevin müalicəsinə vəsait toplamaq məqsədilə xeyriyyə aksiyası da keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.