MƏDƏNİYYƏT
Bakıda "Avropa şəhərciyi 2015" adlı tədbir keçirilib VİDEO
Bakı, 19 sentyabr, Ceyhun Alışov, AZƏRTAC
Sentyabrın 19-da İçərişəhərdə, Qoşa qala qapısı yaxınlığında "Avropa şəhərciyi 2015" adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və Aİ-yə üzv ölkələrin səfirlikləri tərəfindən təşkil olunan tədbirin məqsədi Bakı sakinlərini Avropa ölkələrinin milli adət-ənənələri, mədəniyyəti ilə daha yaxından tanış etməkdir.
Avropa İttifaqının Azərbaycandakı səfiri, xanım Malena Mard çıxış edərək bildirib ki, Avropa şəhərciyi Aİ-yə üzv ölkələrlə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub. Məqsəd Avropa İttifaqını müxtəlif ənənələrimiz və mədəniyyətimiz vasitəsilə tanıtmaqdır.
Səfir hər kəsi əyləncə dolu gündən zövq almağa dəvət edib.
Daha sonra "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbərinin müavini Mikayıl Nəcəfov tədbirin təşkil olunmasını yüksək qiymətləndirib.
Diqqətə çatdırılıb ki, Aİ-yə daxil olan ölkələrin öz mədəniyyətlərini və tarixlərini interaktiv şəkildə nümayiş etdirmələri bir növ ölkələr haqqında ətraflı məlumat əldə etməyə zəmin yaradır.
Böyük coşqu və maraqla qarşılanan tədbirin proqramına əyləncəli şoular, müxtəlif müsabiqələr, viktorinalar, karaoke, konsertlər və muzey turları daxildir. "Avropa şəhərciyi 2015"in konsert hissəsinin əsas qonağı isə Şotlandiyanın Peatbog Faeries qrupudur.
Tədbir biri-birindən müxtəlif maraqlı viktorinalar və oyunlarla davam edib.
Bu tədbir Azərbaycanda artıq üç ildir ki, təşkil olunur.