CƏMİYYƏT
Bakıda “Azərbaycan gəncliyi ənənə ilə müasirliyin qovşağında” mövzusunda konfrans keçirilib
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Bakıda “Azərbaycan gəncliyi ənənə ilə müasirliyin qovşağında" mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) təşkilatçılığı ilə keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, gənclər, tələbələr iştirak ediblər.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Fondun icraçı direktoru Mehman İsmayılov mövzunun əhəmiyyətinə toxunub. Bildirib ki, bu məsələ hazırda bütün dünyada aktualdır. “Belə ki, müasirlik cəmiyyətə faydalarla bərabər, müəyyən fəsadlar da gətirir. Bu fəsadları aradan qaldırmaq üçün isə bizim öz kimliyimizi, milli mənsubiyyətimizi qorumağımız lazımdır”,- deyə Mehman İsmayılov vurğulayıb.
Qeyd edilib ki, ölkəmizdə gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Gənclər tarixi ənənələrə sadiq qalaraq müasir düşüncəni də mənimsəməyi bacarmalıdır. Hər bir gəncin milli-mənəvi dəyərlərimizə uyğun şəkildə formalaşmasının vacibliyini qeyd edən M.İsmayılov Fondun bu sahədə aidiyyəti qurumlarla genişmiqyaslı və çoxşaxəli fəaliyyət həyata keçirməyi planlaşdırdığını vurğulayıb.
Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov “Milli-mənəvi dəyərlər dövlət gənclər siyasətinin əsası kimi” mövzusunda məruzə ilə çıxış edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev ənənə ilə müasirlik anlayışının mahiyyəti haqqında danışıb.
Sonra mövzu ilə bağlı gənclərin fikirləri dinlənilib, geniş fikir mübadiləsi aparılıb.