İQTİSADİYYAT
Bakıda "Azərbaycanda etika və komplayns" mövzusunda konfrans keçirilib
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") Bakıda "Azərbaycanda etika və komplayns" mövzusunda ilk konfransını təşkil edib.
"AmCham"dan AZƏRTAC-a bildiriblər ki, qurumun prezidenti Nuran Kərimov və icraçı direktoru Natəvan Məmmədova bu tədbirin Azərbaycanda tətbiq edilən biznes təcrübələrinin müvafiq qanun, qayda və etik biznes davranışı prinsiplərinə uyğunluğunun təmin edilməsi və ölkənin biznes ictimaiyyəti daxilində komplayns mədəniyyətinin inkişafı baxımından vacibliyini vurğulayıblar.
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədr müavini Niyazi Rəhimov palatanın ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində davamlı fəaliyyət həyata keçirdiyini qeyd edib. O, konfransın Azərbaycanda şəffaflığın təmin edilməsi, korrupsiya ilə mübarizə və bürokratik əngəllərin aradan qaldırılması baxımından vacibliyini qeyd edib. N.Rəhimov deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə müşahidə edilən müsbət dinamika, xüsusən də açıq hökumət prinsipləri və dövlət idarəçiliyində İKT-dən istifadənin genişləndirilməsi, məlumatlara çıxışda şəffaflığın təmini ictimai iştirakçılığın yüksəldilməsi və mülki vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa görə beynəlxalq korrupsiyaya qarşı mübarizə üzrə reytinqlərdə əksini tapıb. O, konfrans iştirakçılarını Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nailiyyətləri barədə məlumatlandırıb.
Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya Təminatı İdarəsinin prokuroru Elnur Hümbətov korrupsiya hallarına qarşı mübarizə ilə bağlı ibtidai istintaq zamanı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. E.Hümbətov 2016-cı və 2017-ci illərin birinci yarısında istintaqın başa çatmasından sonra məhkəmələrə göndərilmiş cinayət işlərinin sayı və onların təsnifatı barədə statistik məlumatları iştirakçıların nəzərinə çatdırıb. O, xüsusi olaraq korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının nisbətinin müvafiq olaraq 5 və 3 faiz azaldığını vurğulayıb. Qeyd edib ki, bu cür dinamika Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi fəaliyyətin müsbət göstəricisidir.
Konfrans "Təşkilatlarda effektli komplayns funksiyasının qurulması və tətbiqi" və "Təşkilatlarda korrupsiyaya qarşı auditin aparılması üzrə məsləhət və tövsiyələr" mövzusunda panel iclaslarda işini davam etdirib.