İQTİSADİYYAT


Bakıda "BakıFilEkspo" V Milli Filateliya sərgisi açılıb YENİLƏNİB VİDEO

Bakı, 8 noyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Azərmarka" MMC və Azərbaycan Filatelistlər İttifaqının təşkilatçılığı ilə noyabrın 8-də Xalça Muzeyində "BakıFilEkspo" V Milli Filateliya sərgisinin açılışı olub.

Sərgidə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Dənizkənarı Bulvar İdarəsi sədrinin müavini Elşən İsgəndərov, "Azərmarka" MMC-nin direktoru Leyla Güləliyeva, Azərbaycan Filatelistlər İttifaqının sədr müavini Rövşən Əhmədov, filatelistlər, numizmatlar və digər kolleksiyaçılar iştirak edib.

AZƏRTAC xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycan Dövlət Bayrağının 100 illiyi kimi əlamətdar günün astanasında belə tədbirin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, 2018-ci il Azərbaycan üçün əlamətdar hadisələrlə zəngin olub. Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Ordumuzun, Azərbaycan qadınına səsvermə hüququnun verilməsinin 100 illiyinin qeyd edilməsi də bu qəbildəndir.

"Bildiyiniz kimi, bu il noyabrın 9-da Azərbaycan Dövlət Bayrağının təsis edilməsinin 100 ili tamam olur. Hesab edirəm ki, milli filateliya sərgisinin bu qürurlu tarixə həsr olunması onun əhəmiyyətini daha da artırır. Sərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi" və "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında müvafiq sərəncamlarına uyğun olaraq təşkil edilib. İnanıram ki, "BakıFilEkspo" V Milli Filateliya sərgisi də Azərbaycan filateliyasının, ümumiyyətlə kolleksiyaçılığın tarixində yeni mərhələ olacaq", – deyə nazir müavini diqqətə çatdırıb.

Azərbaycan Filatelistlər İttifaqının sədr müavini Rövşən Əhmədov məlumat verib ki, sərgidə 7 nominasiyada müsabiqələrin keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, ümumiyyətlə sərgidə bütün nominasiyalarda 19 kolleksiya, 34 çap işi nümayiş etdirilir. Bunlardan 4 toplu rəsmi dərəcədə, 20 çap işi müsabiqədən kənar dərəcədə, 8 toplu filateliya sinfində, 3 toplu filokartiya və filumeniya sinfində, 4 toplu numizmatika sinfində və 14 çap işi ədəbiyyat sinfində təqdim edilir. Müsabiqə dərəcəsində göstəriləcək 19 topludan 13-ü isə ilk dəfə nümayiş etdirilir.

R.Əhmədov qeyd edib ki, milli filateliya sərgisində Azərbaycan dövlətçiliyinin önəmli səhifələrinə həsr olunmuş "Azərbaycan xanlıqlarının pul dövriyyəsi tarixi" adlı sikkə kolleksiyası da ilk dəfə nümayiş olunur. 300-ə qədər sikkədən ibarət olan kolleksiyada Gəncə, Şəki, Şirvan, İrəvan, Quba, Təbriz, Dərbənd və Qarabağ xanlıqları təmsil olunur.

Sonra kolleksiyalara baxış keçirilib.

Tədbirdə bir-birindən fərqli, nadir kolleksiyalar nümayiş etdirilib. Cümhuriyyət dövrünün poçt tarixi, SSRİ dönəmində Azərbaycana həsr olunmuş markalı zərflərin buraxılışı, 1992-2018-ci illərdə Azərbaycanda buraxılmış maraqlı poçt markaları və digər maraqlı kolleksiyalar böyük maraq doğurub.

Sərgidə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ilə Dənizkənarı Bulvar İdarəsinin sədrinin müavini Elşən İsgəndərov Azərbaycan Dövlət Bayrağına həsr edilmiş poçt markasını xüsusi ştempellə möhürləyiblər.

Filateliya sərgisində şəxsiləşdirilmiş poçt markaları bir neçə çeşiddə çap olunaraq iştirakçılara təqdim olunub.

"Azərmarka" MMC və "Num.az" MMC-nin köşklərində filateliya və numizmatika üzrə materialların və aksesuarların da satışı təşkil edilib.

V Milli Filateliya sərgisində nümayiş etdikləri kolleksiyalara görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC tərəfindən 7 nəfər xatirə qızıl medalı ilə, 5 nəfər xatirə gümüş medalı ilə, 5 nəfər xatirə bürünc medalı, 3 nəfər isə diplomla təltif olunub.

Sərgi noyabrın 9-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.