İQTİSADİYYAT


Bakıda "Biznesin maliyyələşdirilməsi və inkişafı üçün yeni imkanlar” mövzusunda konfrans keçirilib VİDEO

Bakı, 30 noyabr, AZƏRTAC

Noyabrın 30-da Bakıda “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin təşkilatçılığı (ABMM) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə “Biznesin maliyyələşdirilməsi və inkişafı üçün yeni imkanlar” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, ASK-ın prezidenti Məmməd Musayev Azərbaycanda iqtisadiyyatın dünya iqtisadi sisteminin tərkib hissəsinə çevrilməsi, kapital bazarların inkişaf etdirilməsi, real sektorun qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşmə təşəbbüslərinin dəstəklənməsi, sərbəst vəsaitlərin iqtisadiyyatın real sektoruna cəlb edilməsi üzrə zəruri addımların atıldığını deyib. O bildirib ki, bu istiqamətdə kapital bazarları vasitəsilə maliyyələşmənin təşviqi, qiymətli kağızlar bazarına çıxış imkanlarının genişləndirilməsi, xarici investorların yerli bazarlara cəlb edilməsi, həmçinin bu sahədə şəffaflığın artırılması böyük əhəmiyyət daşıyır.

ASK-ın prezidenti vurğulayıb ki, cari ildə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində “Kapital bazarları vasitəsilə maliyyələşmə və korporativ idarəetmə” mövzusunda birgə tədbirlər keçirilib. Tədbirlər “Kapital bazarları vasitəsilə maliyyələşmə”, “Listinq məsləhət proqramı”, “Daşınar əmlakın yüklülüyünün reyestri”, “Maliyyə bazarlarında investorların hüquqlarının müdafiəsi və maarifləndirilməsi” mövzularını əhatə edib.

Bildirilib ki, müasir dövrdə kapital bazarları vasitəsilə alternativ maliyyələşmə imkanlarının əldə edilməsi yollarının, sahibkarlıq subyektlərinin diqqətlərinə çatdırılmasına ehtiyac var. Sahibkarlar kapital bazarlarına çıxmaq üçün rasional qərarlar vermək istəyirlər, lakin hansı ilkin addımların atılmalı olduğunu və hara müraciət etməli olduqlarını bilmirlər. Məhz bu məlumatsızlığın aradan qaldırılması üçün Bakı Fond Birjası tərəfindən “Listinq Məsləhət Proqramı” yaradılıb. Bu proqram çərçivəsində maliyyə bazarları vasitəsilə maliyyələşmək niyyətində olan, lakin bu bazar haqqında məlumatı olmayan şirkətlərə tam ödənişsiz əsaslarla peşəkar dəstək göstərilir. Proqram üç mərhələdən ibarətdir. Birinci mərhələdə şirkət əməkdaşları ilə ilkin görüş keçirilir, onların maliyyə vəziyyətinə baxılır, əgər şirkət kapital bazarlarına uyğun bir vəziyyətdədirsə və ya uyğun bir vəziyyətə gətirilə bilərsə, şirkət bu proqram tərəfindən qəbul edilir. İkinci mərhələdə şirkətlərin kapital bazarına çıxması üçün mövcud olan çətinliklərin aradan qaldırılması həyata keçirilməlidir. Üçüncü mərhələdə şirkət qiymətli kağızlar bazarına çıxmaq üçün hazırlanmalı və bunun üçün təqdim edilməli olan sənədlərin hazırlanmasında şirkətlərə dəstək göstərilməlidir.

M.Musayev qeyd edib ki, bütün dünyada istiqraz bazarının dəyəri 90 trilyon ABŞ dollarıdır və bunun başlıca səbəbi istiqrazların korporativ şirkətlərlə yanaşı, bütün dövlətlər tərəfindən buraxılması ilə bağlıdır.

“Bilirsiniz ki, istiqraz buraxılışı dövlətin əsas borclanma mexanizmlərindən biridir. Ötən il Maliyyə Nazirliyi istiqraz buraxılışı yolu ilə 700 milyon manat dəyərində borc alıb. Bu proses istiqraz bazarının nə qədər irihəcmli olduğunu göstərir. Azərbaycan təcrübəsində digər nümunə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Metak” şirkəti tərəfindən buraxılan istiqrazları qeyd etmək olar. Bu şirkətlər istiqraz buraxılışını həyata keçirməklə ölkədə kapital bazarının inkişafına öz töhfələrini verdilər. Həmin istiqrazların gəlirliliyi bankların təklif etdiyi kreditlərdən sərfəli olduğundan bu emissiyalar investorlar tərəfindən böyük maraqla qarşılandı və şirkətlərə böyük mənfəət gətirdi”, - deyə M.Musayev söyləyib.

Kapital bazarları vasitəsilə maliyyələşmənin əsas tələblərindən biri də maliyyə hesabatlığının, şəffaflığın və məlumatların vaxtında açıqlamasını təmin etməkdir. İnvestorlar şirkətin səhmini almaqla bağlı qərar vermədən əvvəl lazımi informasiya toplamalı və bundan sonra yekun qərar qəbul etməlidirlər. Qiymətli kağız buraxmış şirkət mütləq hesabatlarını, qanunvericiliklə müəyyən olunmuş bir sıra məlumatları açıqlamaq məcburiyyəti qarşısında qalır. Bu da ondan ibarətdir ki, şəffaflıq təmin olunsun, şirkət barədə investorlar ətraflı məlumat ala bilsinlər.

Diqqətə çatdırılıb ki, ötən il “Daşınar əmlakın yüklülüyü haqqında” Qanun qəbul edilib və bu ilin may ayında Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən, kiçik müəssisələrin, ticarətçilərin və fermerlərin maliyyə ehtiyaclarını asan qarşılamaları üçün “Daşınar əmlakın yüklülüyünün dövlət reyestri” istifadəyə verilib. Məlumdur ki, banklardan və kredit təşkilatlarından kredit götürən sahibkarlardan girov qoyulması üçün daşınmaz əmlak tələb olunur. Bu isə bir çox hallarda mülkiyyətində daşınar əmlak olan sahibkarların maliyyə resurslarına çıxışını məhdudlaşdırırdı. Hesab edirik, reyestrin istifadəyə verilməsi sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıracaq. Bu sistemin xüsusiyyəti ondan ibarətdir ki, sahibkar mülkiyyətində olan daşınar əmlakı banka girov qoymaqla kredit əldə edə biləcək. Bildiyiniz kimi əvvəllər bir əmlakın bir neçə bankda girov qoyaraq kredit götürməsini müşahidə etmək olardı. Bu sistemin tətbiqi ilə banklar artıq öz risklərini daha yaxşı təmin edirlər. Belə ki, əgər kredit götürən şəxsin bir əmlakı bu reyestr vasitəsilə yüklü hesab edilibsə, başqa bankda həmin əmlakı təkrar girov qoymaq istədikdə bank artıq onun yüklü olduğunu görür.

“Astana” Beynəlxalq Maliyyə Mərkəzinin idarə heyətinin sədri Aydar Kazıbayev isə deyib ki, ABMM Azərbaycan şirkətləri üçün beynəlxalq investorlarla görüşmək və birja vasitəsilə xarici maliyyə cəlb etmək üçün yeni platformadır.

Son iki ay ərzində “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin ekspertləri Rusiya şirkətləri üçün Moskva, Kazan və Krasnodar şəhərlərində, həmçinin Belarus şirkətləri üçün Minskdə təqdimatlarla çıxış edib, Şanxay Fond Birjasında Çinin biznes ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirib.

Rusiya və Belarus şirkətləri ABMM birjası ilə xarici kapitalın cəlb olunması imkanlarına böyük maraq göstəriblər. Moskva, Kazan, Krasnodar və Minskdə fəaliyyət göstərən şirkətlərin ABMM ilə əməkdaşlıq etmək istədiklərinə dair 20-dən çox müraciət qeydə alınıb.

A.Kazıbayev bildirib ki, Astanada yerləşən maliyyə mərkəzinin fəaliyyətinin əsas istiqamətlərinə kapital bazarlarının inkişafı, aktivlərin idarə edilməsi, islam maliyyəçiliyi sektorunun inkişafı, fərdi şəxslərin vəsaitlərinin idarə olunması, yeni maliyyə texnologiyaları, həmçinin “yaşıl” maliyyələşmə daxildir.

“Astana” Beynəlxalq Maliyyə Mərkəzi İngiltərə hüquq prinsipləri üzərində təsis edilib. Mərkəzdə ədalət mühakiməsi müstəqil hakimlər və arbitraj tərəfindən həyata keçirilir. Maliyyə mərkəzinin iştirakçıları 2066-cı ilədək korporativ və gəlir vergisindən azad olunub. Hazırda ABMM-in iştirakçıları arasında müxtəlif ölkələrdən 88 şirkət daxildir.

Astana maliyyə mərkəzi platformasında xarici kapitalın cəlb olunması üçün istifadə olunan əsas alətlərdən biri ABMM (AIX) birjasında qiymətli kağızların yerləşdirilməsidir.

“Maliyyə Mərkəzinin birjası Şanxay Fond Birjası (SSE) və Nyu-Yorkun NASDAQ birjası ilə tərəfdaşlıq edir. Noyabr 14-də ABMM-nin birjasında ilk IPO təşkil edilib - İlkin Kütləvi Yerləşdirmə dünyanın ən böyük uran şirkətlərindən olan “Kazatomprom” tərəfindən edilib. ABMM birjasında ticarətin açılışını Qazaxıstan Prezidenti Nursultan Nazarbayev edib”, - deyə A.Kazıbayev söyləyib.

Konfransda Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev, Astana Beynəlxalq Maliyyə Mərkəzi biznesin inkişafı layihə ofisinin rəhbəri Nurlan Esmaqambetov tədbirin əhəmiyyətindən danışıblar. Mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.

Konfrans öz işini təqdimat və müzakirələrlə davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.