İQTİSADİYYAT


Bakıda "Kənddən şəhərə" mağazası açılıb VİDEO

Bakı, 25 dekabr, AZƏRTAC

Dekabrın 25-də Dövlət Aqrar Ticarət Şirkətinin Bakı şəhəri, Nizami küçəsi 154B ünvanında "Kənddən şəhərə" mağazası istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, "Kənddən şəhərə" Dövlət Aqrar Ticarət Şirkətinin kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirdiyi bir layihədir. Mağazada ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsulları əldə etmək olar. Burada həm xammal, həm də emal olunmuş formada yalnız yerli qida məhsullarının satışı həyata keçirilir.

Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova deyib ki, "Kənddən şəhərə" mağazasından əvvəl eyniadlı yarmarka istifadəyə verilib. Bu yarmarka ilk dəfə olaraq Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil edilib. Bu gün yarmarkanın yaxınlığında "Kənddən şəhərə" mağazası fəaliyyətə başlayıb. Mağaza hər gün axşam saat 22.00-dək fəaliyyət göstərəcək. Mağazada fermerlər, yerli qida istehsalçıları üçün hər bir şərait yaradılıb. Onlar məhsullarını bizdə ödənişsiz qeydiyyatdan keçirirlər, Qida Təhlükəsizliyi Agentliyinə uyğun lazımi sənədləri təqdim edirlər və satış bu mağazada həyata keçirilir. Mağaza sakinlərə sərfəli qiymətlə yüksək keyfiyyətli məhsullar təklif edir. Növbəti ildə şəhərin müxtəlif ərazilərində yeni "Kənddən şəhərə" mağazalarının açılması nəzərdə tutulur. Hər gün axşam saat 20.00-dan sonra "Axşambazarı" kampaniyası da təşkil olunacaq. Belə ki, meyvə-tərəvəz məhsullarını daha sərfəli qiymətlərə əldə etmək mümkün olacaq.

Açılış mərasiminə qatılan qonaqlar, fermer assosiasiyalarının nümayəndələri və yerli qida istehsalçıları bu mağazanın kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi məhsulların, eləcə də yerli istehsal qida məhsullarının satışı istiqamətində yeni, müasir satış mərkəzi olacağına inandıqlarını bildiriblər.

Qeyd edək ki, "Kənddən şəhərə" layihəsi çərçivəsində paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısını almaq məqsədilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası da təşkil edilib. Bundan başqa, fermerlərin yetişdirdiyi məhsulların "Kənddən şəhərə" adı altında qablaşdırılaraq satışı da həyata keçirilir. Bu məhsulları həm "Kənddən şəhərə" mağazasında, həm də müxtəlif market şəbəkələrində əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.