CƏMİYYƏT
Bakıda "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" adlı konfrans keçirilir
Bakı, 10 avqust, AZƏRTAC
Avqustun 10-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Media azadlığı və sosial sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" mövzusunda konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev çıxış edərək konfransın gündəliyi barədə məlumat verib.
Kamran Əliyev bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra medianın inkişafı üçün zəruri olan imkanlar yaradılıb. Media inkişaf etmədən cəmiyyətin düzgün inkişafı mümkün deyil. Azərbaycan bu sahədə bütün beynəlxalq konvensiyalara qoşulub. Medianın, KİV-lərin inkişafı üçün bütün zəruri imkanlar yaradılıb. Ölkəmizdə müasir media demək olar ki, artıq formalaşıb.
Baş prokuror, həmçinin qeyd edib ki, Vətən müharibəsində jurnalistlər, media nümayəndələri qəhrəmancasına fəaliyyət göstərib, beynəlxalq miqyasda fəaliyyət göstərərək Azərbaycanın haqlı mövqeyini bütün dünyaya çatdırıblar.