MƏDƏNİYYƏT
Bakıda "Puşkiniana" layihəsinə yekun vurulub
Bakı, 18 iyun, AZƏRTAC
2021-ci ildə Nizami Gəncəvinin anadan olmasının 880-ci ili tamam olur. İnsanları daim əxlaqi kamilliyə çağıran və onlara yüksək əxlaqi keyfiyyətlər aşılayan parlaq söz və düşüncə ustasının zəngin yaradıcılığının müstəsna əhəmiyyətini nəzərə alaraq bu il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilib.
Bu ilin yanvar-may aylarında “Rossotrudniçestvo”nun Azərbaycan Respublikasındakı nümayəndəliyi, Azərbaycanın Rus İcması və Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası "Puşkin və Nizami planetar əhəmiyyətli böyük yaradıcılardır" mövzusunda “Puşkiniana” layihəsini həyata keçiriblər. Layihədə Azərbaycan Respublikasının rus dilində tədris aparılan məktəblərinin şagirdləri iştirak ediblər. Olimpiada Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, iyunun 18-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) "Puşkiniana"ya yekun vurulub.
“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov görkəmli qələm ustası A.S.Puşkinin irsinin qorunması və təbliğində layihənin əhəmiyyətindən danışıb. O, qalibləri və onların müəllimlərini parlaq nəticə münasibətilə təbrik edib, pandemiya məhdudiyyətlərinə baxmayaraq, ən yüksək səviyyədə keçirilən "Puşkiniana"nın təşkilinə yardım edən hər kəsə minnətdarlığını bildirib.
Sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə diplom və hədiyyələr təqdim olunub.
Tədbir bədii proqramla davam edib.