MƏDƏNİYYƏT
Bakıda "Sayt-spesifik teatr" mövzusunda seminar
Bakı, 5 aprel, Xaruqə Məmmədova, AZƏRTAC
Aprelin 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU), Teatro.az portalı və dOM teatrının əməkdaşlığı ilə "Dünya teatr məkanında yeni təzahürlər: Sayt- spesifik teatr" mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə seminarın spikeri dOM Teatrının bədii rəhbəri Tərlan Rəsulov dünya teatr məkanında işlədilən "sayt- spesifik" teatrı barədə qonaqlara ətraflı məlumat verib.
Seminar çərçivəsində “Sayt-spesifik teatr” anlayışı ilə ümumi tanışlıq, onun dünya teatr məkanındakı yeri, Azərbaycan teatr gerçəkliyində tətbiqi və inkişaf perspektivləri müzakirə olunub. Müzakirələr spikerlə resipiyentlər arasında dialoq, sual-cavab şəklində gerçəkləşib. ADMİU-nun böyük səhnəsində reallaşacaq seminarda predmetə dair videomateriallar nümayiş olunub və sayt-spesifik teatrın konkret təzahürləri haqqında məlumat verilib.
Bildirilib ki, “Site-spesifik” termini 1980-ci illərin əvvəllərindən yaransa da, 2000-ci illərdən sonra daha tez-tez işlənib. Rejissorlar tamaşa qoymaq üçün alternativ məkanlar, qeyri-teatral yerlər axtarırdılar. Teatrın qara qutuya bənzəyən səhnəsindən fərqli olaraq bu məkanların öz əhval-ruhiyyəsi, öz yaddaşı var. Onların yaddaşında müxtəlif əhvalatlar-tarixçələr var, rejissorlar tamaşa ilə bu əhvalatları canlandırmağa çalışırlar.
Sayt-spesifik bir sıra interaktiv teatr növlərini özündə ehtiva edir. Bunlara küçə teatrından savayı, İmmersiv Teatr (Immersive Theatre), Gəzinti Teatrı (Promenade Theatre), Mühit Teatrı (Environmental Theatre), Muzey Teatrı daxildir.