İQTİSADİYYAT
Bakıda "Transfer qiyməti: tətbiqi və beynəlxalq təcrübə" mövzusunda konfrans keçirilib
Bakı, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da Bakıda Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") və Böyük Dördlüyün ("Deloitte Azərbaycan", "EY Azərbaycan", "KPMG Azərbaycan" və "PwC Azərbaycan") birgə təşkilatçılığı ilə "Transfer qiyməti: tətbiqi və beynəlxalq təcrübə" mövzusunda konfrans keçirilib.
"AmCham"dan AZƏRTAC-a bildiriblər ki, bu il Azərbaycanda transfer qiymətlərinin müəyyənləşdirilməsi və tətbiqi ilə bağlı qaydalar qəbul edilib və cari ilin fevral ayından qüvvəyə minib. Konfransın əsas məqsədi transfer qiymətinin tətbiqini dəstəkləmək və bu sahədə beynəlxalq təcrübəni öyrənmək olub.
Konfransda çıxış edən Azərbaycanda "AmCham"ın prezidenti Nuran Kərimov tədbirin əhəmiyyətindən danışıb.
Vergilər Nazirliyinin beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə Azərbaycanda transfer qiymətinin tətbiqi ilə bağlı Vergilər Nazirliyinin həyata keçirdiyi işlər haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib.
"Deloitte Rusiya"nın vergi üzrə direktoru Aleksey Sobçuk "Rusiyada transfer qiymətinin inkişafı, Rusiyanın ilk transfer qiyməti, audit təcrübəsi və transfer qiymətinin tətbiqinin ilkin mərhələsində vergiödəyicilərinin ümumi səhvləri", "Deloitte Azərbaycan"ın baş meneceri Nərmin Aslanova "Transfer qiyməti təhlilinin inkişaf etməkdə olan ölkələrdə praktiki çətinlikləri", "EY Ukrayna"nın transfer qiyməti üzrə partnyoru İqor Çufarov "Transfer qiyməti məqsədləri üçün müqayisəli əməliyyatlar barədə məlumat. Ümumi qaynaqlara və məlumat bazalarına baxış. Ukrayna və MDB ölkələrinin təcrübəsi", "EY Azərbaycan"ın baş meneceri Ülvi Yusifov "Azərbaycan transfer qiyməti qaydaları çərçivəsində əməliyyatların müxtəlif növləri üçün müqayisəli əməliyyatlar barədə məlumatların kazuslarla araşdırılması", Ukrayna Dövlət Fiskal Xidmətinin Audit Departamentinin transfer qiyməti şöbəsinin rəhbəri Nikolay Mişin "Ukraynada transfer qiyməti qaydalarının tarixi, qəbul edilməsi və tətbiqi", "KPMG Niderland"ın transfer qiyməti üzrə partnyoru Yens Karreman "Niderlandda transfer qiyməti üzrə sənədləşdirmə, inkişafın 15 ili. Azərbaycan üçün tövsiyələr", "KPMG Niderland"ın əməkdaşı Maurits Stuyt "Öncədən qiymətləndirmə razılaşmaları – vergiödəyiciləri və vergi orqanları arasında transfer qiyməti üzrə qarşılıqlı əlaqə", "PwC Qazaxıstan"ın Avrasiyada transfer qiyməti üzrə rəhbəri Anuar Muxanov "Avrasiyada transfer qiymətinin inkişafı" və "PwC Azərbaycan"ın transfer qiyməti üzrə meneceri Rəşad Abbasov "Azərbaycanın transfer qiyməti qaydaları biznesə necə təsir edə bilər?" mövzularında təqdimatlara çıxış ediblər.