İDMAN
Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatının ikinci gününün yarışları keçirilir
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ikinci gününün yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, çempionatın ikinci günündə mübarizəyə böyük aerobika gimnastları başlayıblar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.
Azərbaycanın gənclərdən ibarət komandası Avropa çempionatının birinci günündə aerodans proqramında uğurla çıxış edərək finalda iştirak hüququ qazanıb. Birinci günün yekununda komanda hesabında qaliblər beş hərəkət üzrə çıxışlara görə müəyyən edilib. Rusiya komandası ümumi nəticələrə görə birinci yeri tutub. Rumıniya yığması ikinci, Macarıstan komandası isə üçüncü pillədə yer alıb.
Çempionatda 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnast qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) yarışlarında mübarizə aparırlar.