CƏMİYYƏT


Bakıda ahıl yaşlı qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Bakı, 19 mart, AZƏRTAC

Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində naməlum şəxs bir neçə gün əvvəl 73 yaşlı paytaxt sakini Viktoriya Kazakovaya zor tətbiq edərək içərisində 15 manat pul olan çantasını əlindən alıb. Zərərçəkən soyğunçuluq edən şəxsə müqavimət göstərmək istəyərkən yıxılaraq xəsarət aldığından xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oxşar hadisə martın 16-da saat 18:00 radələrində rayonun Ağa Neymətulla küçəsi, ev 54 ünvanının qarşısında qeydə alınıb. Naməlum şəxs 80 yaşlı paytaxt sakini Maya Hüseynovaya zor tətbiq edərək içərisində 30 manat və sənədləri olan çantasını zorla əlindən alıb.

Hər iki hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə məlumat veriləndən sonra aparılan araşdırmalar nəticəsində cinayətlərin eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib. Həmin cinayət hadisələrini törətməkdə şübhəli bilinən Quba rayon sakini Sabir Orucov həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq istintaqa təqdim edilib. Saxlanılan zaman onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi 0,317 qram heroin də aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmin şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.