MƏDƏNİYYƏT
Bakıda aparıcı turizm şirkətləri üçün "LuxeTravelShow 2011" seminarı keçirilmişdir
Bakı, 12 oktyabr (AZƏRTAC). Oktyabrın 12-də Bakıda “Laurus Consult” şirkətinin və Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə aparıcı turizm şirkətləri üçün "LuxeTravelShow 2011" adlı seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Hilton Baku” mehmanxanasında keçirilən seminarın məqsədi Azərbaycanın turizm imkanlarının tanıdılması, xarici və beynəlxalq turizm şirkətləri ilə əməkdaşlıq, Azərbaycan turizminin inkişafı və “Lüks Travel”in nümayiş etdirilməsidir.
Seminar çərçivəsində dünyanın tanınmış turizm markaları Azərbaycanın ən yaxşı agentlikləri və operatorları ilə, həmçinin böyük korporativ şirkətlərin səyahət əlaqələndiriciləri ilə fərdi görüşlər keçirərək öz xidmətlərini təklif etmişlər. Burada “WorkShop” ziyarətçilərinin yeni əlaqələr yaratmaları, eləcə də xarici şirkət və mehmanxanalara Azərbaycan bazarının potensialını göstərmək üçün işgüzar mühit təşkil olunmuşdur.
İkinci dəfə təşkil edilən seminarda 30 ölkədən 85 şirkət iştirak etmişdir.
Bakıda belə seminar ilk dəfə ötən il təşkil olunmuşdur.