İQTİSADİYYAT
Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılıb VİDEO
Bakı, 10 oktyabr, Ramiz Quliyev, AZƏRTAC
Oktyabrın 10-da Bakıda, “AMAY” ticarət mərkəzində arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılıb.
Bu gün keçirilən sayca 18-ci bal yarmarkasında 333 arıçı öz məhsulunu satışa çıxarıb, bu isə ötən ildəkindən 78 nəfər çoxdur. Alıcılara ümumilikdə 107 min 500 kiloqram süzülmüş bal təklif olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasının açılış mərasimində nazir müavini Seyfəddin Talıbov deyib.
Onun sözlərinə görə, yarmarkada 5,5 ton şanı balı, 1200 tona yaxın digər arıçılıq məhsulları təqdim olunub. Halbuki, ötən il 75 ton süzülmüş bal çıxarılmışdı.
Nazir müavini əlavə edib ki, bu il arıçılar üçün çətin il olmasına baxmayaraq, göstəricilər sevindiricidir. "Bilirsiniz ki, may ayında quraqlıq müşahidə olundu ki, bu da arıçılıq məhsullarının keyfiyyətinə və həcminə təsirsiz ötüşməyib. Buna baxmayaraq, yarmarkaya maraq yüksək səviyyədədir. Əminliklə deyə bilərəm ki, respublikamızın bütün iqtisadi rayonlarından olan arıçılar burada təmsil olunur. Ötən il olduğu kimi, bu il də üstünlük Lənkəran zonasındadır. Belə ki, bu regionu 107 nəfər təmsil edir. Eyni zamanda, Şəki-Zaqatala regionundan 76 nəfər, Gəncə-Qazax zonasından isə 60 nəfər qatılıb", - deyə o vurğulayıb.
Nazir müavini qeyd edib ki, satış–sərgi yarmarkasının təşkilatçılığına bu dəfə Azərbaycan Arıçılar Assosiasiyası da cəlb edilib. Burada demək olar ki, respublikanın bütün iqtisadi rayonlarının nümayəndələri iştirak edirlər. Lənkəran zonasından ənənəvi olaraq iştirakçıların sayı çoxluq təşkil edir. Bütün zonalardan müxtəlif çeşiddə və keyfiyyətdə bal məhsulları sərgi-satış yarmarkasına çıxarılıb. Bu il də nazirlik tərəfindən ciddi nəzarət tədbirləri həyata keçirilib.
Nazirliyin rəsmisi vurğulayıb ki, bütün iştirakçıların təqdim etdiyi arıçılıq məhsullarından nümunələr götürülüb. Belə ki, 3376 nümunə Respublika Baytarlıq Laboratoriyasında yoxlanılıb, 509 nümunə standartların tələblərinə uyğun olmadığı üçün satışdan kənarlaşdırılıb ki, bu da təqribən 22 tondan artıq süzülmüş bal deməkdir. Qiymətlər satıcılar tərəfindən tənzimlənir, təbii ki, keyfiyyətli balın qiyməti daha yüksəkdir. Nazirliyin əsas məqsədi odur ki, yarmarkaya tam standartlara uyğun məhsullar çıxarılsın.
Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası noyabrın 5-nə kimi davam edəcək.