CƏMİYYƏT
Bakıda avtomobildən pul və qol saatları oğurlayan şəxs tutulub
Bakı, 10 iyun, AZƏRTAC
Paytaxtın Binəqədi rayonunda vətəndaş Ə.Quluzadəyə məxsus avtomobildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkən Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə ərizə ilə müraciət edərək nəqliyyat vasitəsinin yan şüşəsinin sındırıldığını və avtomaşının saxlanc yerindən 300 manat məbləğində pul, arxa oturacağın üzərindən isə ümumi dəyəri 100 min manat olan beş qol saatının oğurlanması barədə məlumat verib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs - əvvəllər məhkum olunmuş İsmayıl Məlikov Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. Onun Binəqədi rayonundakı evinə baxış zamanı oğurladığı saatlar, üzərindən isə 3 qrama yaxın heroin aşkar edilib.
Faktla bağlı rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.