CƏMİYYƏT


Bakıda avtomobilləri qeyri-adi üsulla talamaqda şübhəli bilinən mütəşəkkil qruplaşmanın üzvləri tutulub

Bakı, 12 mart, AZƏRTAC

Bakıda avtomobilləri kütləvi şəkildə qeyri-adi üsulla talamaqda, plastik bank kartlarının məxfi informasiyalarını öyrənməyə cəhddə şübhəli bilinən mütəşəkkil qruplaşma üzvləri müəyyən olunaraq tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarış idarəsi, Xətai Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsi və 37-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuşlar - 1992-ci il təvəllüdlü Elmar Rzayev və qardaşı, 1993-cü il təvəllüdlü Vəli Rzayev ifşa olunaraq istintaqa təhvil verilib.

Şübhəli şəxslər ətrafında aparılan əməliyyat-axtarış, əməliyyat, istintaq tədbirləri ilə müəyyən olunub ki, qardaşlar xarici ölkələrin birində xüsusi hazırlanmış elektron informasiya cihazı əldə etməklə, müxtəlif markalı avtomobillərin təhlükəsizlik sistemini sındıraraq, avtomobilə zərər vermədən ictimai təhlükəli əməlləri törətməklə ayrı-ayrı vətəndaşlara külli miqdarda ziyan vurublar. Müəyyən olunub ki, onlar qəbuledici siqnalları gücləndirən və onları təkrar ötürən “Retranslyator” adlandırılan qəbuledici-ötürücü radiotexniki cihazın imkanlarından geniş istifadə ediblər.

Yüksək təhlükəsizlik standartlarına malik avtomobillərin və bank kartlarının informasiya alqoritmlərini öyrənən bu cihaz həqiqi açar-kodun siqnalını köçürməyə imkan verir. Bununla da cihaz avtomatik olaraq açarın, plastik bank kartının şifrəli dublikatını yaradır. Şübhəli şəxslərdən “Retranslyator” adlandırılan qəbuledici-ötürücü radiotexniki vasitə aşkarlanaraq götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsi tövsiyə edir ki, sürücülər avtomobillərin gözlə görünən yerlərində əşyalar saxlamasın, avtomobilləri əsasən işıqlandırılmış küçələrdə, “Təhlükəsiz şəhər” kamerasının əhatə dairəsində yaxın yerlərdə saxlamağa üstünlük versinlər. Avtomobillərin qapılarını açılıb bağlayarkən, bank kartı vasitəsilə terminallarda pul-valyuta əməliyyatı həyata keçirərkən diqqətli olsunlar. Qeyri-müəyyən, naməlum şəraitdə avtomobillərin və bank kartlarının talanması halları ilə bağlı faktlar varsa, polisə məlumat verilsin.

Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat, istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.